Fiziki aktivlik qan dövranını yaxşılaşdırır və immuniteti gücləndirir
Mövsümi viruslardan qorunmaq üçün bir sıra tədbirləri nəzərə almaq lazımdır. Xüsusilə ictimai yerlərdən qayıtdıqdan sonra əllərin sabun və su ilə yuyulması, həmçinin spirt tərkibli təmizləyici vasitələrdən istifadə edilməsi faydalıdır.
Reportyor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun terapevti Günel Sadıqlı Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində növbəti canlı yayımda deyib.
Həkim-terapevtin dediyinə görə, vitaminlər və minerallarla zəngin qidalar, xüsusilə C vitamini (meyvələr, tərəvəzlər) və D vitamini (balıq, yumurta) ilə zəngin məhsullarla balanslı qidalanmaq, gündəlik 7-8 saat yuxu almaq bədənin immun sistemini gücləndirməyə kömək edir: “Fiziki aktivlik qan dövranını yaxşılaşdırır və immuniteti gücləndirir. Stresin azaldılması immun sisteminizin düzgün işləməsinə kömək edir. Meditasiya, yoqa və ya bu kimi sevdiyiniz fəaliyyətlə məşğul olmaqda fayda var”.
O bildirib ki, mövsümi viruslardan qorunmağın ən doğru yollarından biri də qripə qarşı peyvənd olunmaqdır: “Əhalinin sağlamlığının qorunması və qarşıdan gələn payız-qış mövsümündə gözlənilən kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Bununla bağlı vətəndaşlar yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. İctimai yerlərdə hava dövranını təmin etmək virusların yayılma riskini azaldır. Xəstəliyə yoluxanlarla yaxın təmasdan və onların yanında olmaqdan çəkinmək tövsiyə edilir”.
Həkim-terapevt onu da qeyd edib ki, bu kimi tədbirlər mövsümi viruslardan qorunmağı asanlaşdırır.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 2-10-2024, 17:00