Ermənistan, Azərbaycan və Gürcüstanın İtaliyadakı səfirləri panel müzakirəsində regional əməkdaşlığı müzakirə edib

Ermənistanın İtaliyadakı səfiri Vladimir Karapetyan, Azərbaycanın səfiri Elçin Hüseynli və Gürcüstanın səfiri Tamara Liluaşvili "Festival della Diplomazia" tərəfindən təşkil edilən "Qafqaz yol ayrıcında: Sülh, dəhlizlər və yeni əməkdaşlıq dövrü" adlı panel müzakirəsində iştirak ediblər.
Bu barədə Ermənistan mediası xəbər verir.
Ermənistanın İtaliyadakı səfirliyinin yaydığı məlumata görə, tədbirdə İtaliyanın müxtəlif universitetlərindən təxminən 150 akademik və tələbə, jurnalistlər, həmçinin beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Müzakirələr regionda sülhün möhkəmləndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında əlaqələrin təkmilləşdirilməsi perspektivlərinə həsr olunub.

Səfir Karapetyan çıxışında Ermənistan hökumətinin və Baş nazir Nikol Paşinyanın regionda sülhü möhkəmləndirmək istiqamətində atdıqları addımlardan və irəli sürdükləri təşəbbüslərdən bəhs edərək, dialoq, əməkdaşlıq və qarşılıqlı etimadın qurulmasının vacibliyini vurğulayıb. Səfir həmçinin qeyd edib ki, bu yay keçirilən parlament seçkilərində ictimaiyyətin dəstəyini qazandıqdan sonra Ermənistan hakimiyyəti regionda sülh və sabitliyin bərqərar olması və qorunub saxlanılması istiqamətində səylərini gücləndirib. O bildirib ki, regiondakı bütün ölkələrlə fəal dialoq, etimadın qurulmasına yönəlmiş təşəbbüslər və konkret addımlar əldə olunmuş sülhü möhkəmləndirməyə xidmət edir.
Səfir Karapetyan, həmçinin Ermənistan hakimiyyətinin region üçün dinc gələcəyi təmin etmək öhdəliyinin digər Cənubi Qafqaz ölkələrinin istəkləri ilə üst-üstə düşdüyünə ümidvar olduğunu ifadə edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:42


























