Pəncabda avtobusun kanala düşməsi nəticəsində azı 5 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb

Pakistanın Pəncab əyalətinin Hafizabad rayonunda sərnişin avtobusunun kanala düşməsi nəticəsində azı beş nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb.
Bu barədə yerli Dawn xəbər verir.
Hadisə Pindi Battiian dairəsinin Fatehke ərazisində baş verib. Məlumata görə, avtobus Rayvinddən Çiniota doğru hərəkət edirmiş.
Xilasetmə rəsmilərinin sözlərinə görə, sürücü yüksək sürət səbəbindən nəqliyyat vasitəsinə nəzarəti itirib. Xəsarət alanlara hadisə yerində ilkin tibbi yardım göstərilib, onlardan 20 nəfəri isə xəstəxanaya yerləşdirilib.
Yerli hakimiyyət orqanlarının köməyi ilə avtobusu qaldırmaq üçün krandan istifadə edilib və bundan sonra nəqliyyat vasitəsinin altından beş qurbanın cəsədi çıxarılıb.
Dağıntılar altında daha çox sərnişinin qala biləcəyi ehtimalı ilə xilasetmə qrupları axtarış əməliyyatlarını davam etdiriblər.
Ötən həftə Bəlucistanda, Kvetta-Karaçi magistral yolu üzərində, Uthal yaxınlığındakı "Zero Point" ərazisində mikroavtobusla sərnişin avtobusunun toqquşması nəticəsində 12 sərnişin həlak olub, 20-yə yaxın insan isə xəsarət alıb.
Bu hadisədən iki gün əvvəl – çərşənbə günü – Racanpur rayonunun Rojhan dairəsində, İndus magistral yolunda sərnişin avtobusu yol ayırıcısına çırpılaraq aşıb. Qəza nəticəsində 10 nəfər ölüb, 44 nəfər isə xəsarət alıb.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 11:20


























