mobil versiya

Azərbaycanın tarixi qələbəsi, Prezident İlham Əliyevin sülh diplomatiyası İslam dünyasında yeni baxış və impuls yaradıb






Bakıdan Prezident Əliyevin  səsləndirdiyi  fikirlər, Azərbaycanın işğala son qoymaq və sülhyaratma təcrübəsi yeni dünya düzəni, qlobal təhlükəsizlik arxitekturası  ilə əlaqədar diskursda ciddi konseptual çərçivə kimi qəbul edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ICESCO və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibləri ilə son görüşü ölkəmizin xarici siyasətində İslam dünyası ilə əlaqələrin nə qədər prioritet təşkil etdiyini bir daha nümayiş etdirir. Azərbaycan İslam ölkələri ilə münasibətləri  siyasi-iqtisadi müstəvi ilə yanaşı, güclü mənəvi, mədəni və tarixi bağlar üzərində inkişaf etdirir. Bu strateji xətt Azərbaycanın İslam dünyasının ayrılmaz, etibarlı və aparıcı bir parçası kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə, ölkəmizin bölgədə dayanıqlı sülhün əldə edilməsi istiqamətində atdığı strateji addımlar, Prezident İlham Əliyevin sülh diplomatiyası İslam dünyasında yeni baxış, ümid və impuls yaradıb. Azərbaycanın işğala son qoyması, sülhyaratma təcrübəsi İslam coğrafiyasında böyük rəğbət yaradıb. ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevlə dünənki görüşündə bunu xüsusi vurğulayıb. O, dövlət başçısının   VII  Mədəniyyətlərarası Dialoq Forumda  çıxışının böyük maraq doğurduğunu vurğuladı. O, xüsusilə dünyada münaqişələrin davam etdiyi bir şəraitdə dövlətlərin müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə müraciət etməsinin vacibliyini, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezident İlham Əliyevin səsləndirdiyi  fikirlərin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq kəsb etdiyini bildirib. Bakıdan Prezident Əliyevin  səsləndirdiyi bu fikirlər, xüsusən sözügedən prinsipləri praktika uğurla tətbiq edən ölkə kimi Azərbaycan təcrübəsi yeni dünya düzəni, qlobal təhlükəsizlik arxitekturası  ilə əlaqədar diskursda ciddi konseptual çərçivə kimi qəbul edilir.  VII Mədəniyyətlərarası Dialoq Forumda aparılan müzakirələr bir daha bunu göstərdi. Xüsusən İslam ölkələri bu diskursda mühüm yer tuturlar, çünki, davam edən ABŞ-İran müharibəsi, Səudiyyə Ərəbistanı ilə Husi Hərəkatı arasında münaqişə, Fələstin problemi müsəlman ölkələri üçün ciddi çağırışlar yaradıb. 

Bu çağırışlar İslam həmrəyliyini, müsəlman ölkələrin daha sıx əməkdaşlığı, koordinasiyasını da zərurətə çevirir. Bu istiqamətdə də Azərbaycan ön sıradadır və ciddi addımlar atır. Azərbaycanın müsəlman ölkələri ilə əlaqələri və İslam təşkilatları çərçivəsindəki fəaliyyəti  çoxşaxəli, eyni zamanda olduqca məhsuldardır. İƏT və ICESCO kimi mötəbər qurumların ən fəal üzvlərindən biri kimi ölkəmiz qlobal miqyasda İslam həmrəyliyinin güclənməsinə müstəsna töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycan zaman-zaman İslam ölkələrini bir araya gətirən möhtəşəm tədbirlərə ev sahibliyi etmiş, müxtəlif beynəlxalq platformalara qədər müsəlman ölkələrinin birliyini və inkişafını təşviq etmişdir. Dövlət başçısının bu təşkilatların rəhbərləri ilə daimi və səmərəli dialoqu ölkəmizin ümummüsəlman problemlərinin həllində və ortaq strategiyaların müəyyənləşdirilməsindəki fəal rolunu nümayiş etdirir.  
Azərbaycanın İslam dünyası ilə bağları dərin mədəni-tarixi köklərə əsaslanır. Azərbaycan hər zaman dünyada baş qaldıran islamofobiya meyllərinə qarşı qətiyyətli mübarizə aparıb, sülh, tolerantlıq və multikulturalizm dəyərlərini təbliğ edərək əsl İslam mədəniyyətinin sülhsevər mahiyyətini dünyaya çatdırıb. Şərqlə Qərb arasında həm coğrafi, həm də mənəvi körpü rolunu oynayan Azərabycan, müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrini sürətlə inkişaf etdirərək, özünü bu coğrafiyanın ən güclü həmrəylik mərkəzlərindən biri kimi təsdiqləyib.

Bu istiqamətdə həyata keçirilən mühüm işlərdən bəhs edərkən, Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətini mütləq şəkildə xüsusi vurğulamaq lazımdır. Fondun həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda həyata keçirdiyi miqyaslı layihələr, xeyriyyəçilik təşəbbüsləri İslam dəyərlərinin və mədəniyyətinin tanıdılmasına böyük xidmətdir. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar proqramlar, gənclər arasında əsl İslam mənəviyyatının təbliği, habelə müsəlman ölkələri ilə təhsil, səhiyyə və mədəniyyət sahələrində qurulan əməkdaşlıq körpüləri ölkəmizin "yumşaq güc" diplomatiyasının ən uğurlu səhifələrini təşkil edir.
Nəhayət, Azərbaycanın öz ərazisində , xüsusən də 30 illik işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda İslam irsinin qorunub saxlanmasına və bərpasına göstərdiyi dövlət qayğısı da xüsusi qeyd edilməlidir. Cənab Prezidentin qətiyyətli siyasəti və Heydər Əliyev Fondunun bilavasitə iştirakı ilə erməni vandalizmi nəticəsində dağıdılmış tarixi məscidlərin, ziyarətgahların və dini abidələrin yenidən qurulması təkcə Azərbaycanın deyil, bütövlükdə İslam dünyasının mədəni-tarixi sərvətinin qorunması deməkdir. Azərbaycan milli-dini kimliyinə sadiqdir və İslam irsinin yaşadılmasında, müsəlman coğrafiyasında mənəvi birliyin təmin olunmasında məhsuldar fəaliyyətini uğurla davam etdirir.


Zaur İbrahimli
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri 


Reportyor.az 



KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 14:26