Antiinhisar Aztelekom-un daha bir tarif müraciətinə şərtlərlə razılıq verib

Belə görünür ki, Antiinhisarla Aztelekom arasında pərdəarxası “vuruşma” gedir.
Ötən günlər qeyd etmişdim ki, Antiinhisar Aztelekom-un 25 manatlıq minimal tarifi qaldırmaqla bağlı müraciətini rədd edib.
İndi isə məlum olur ki, “Aztelekom” adi internet istifadəçilərə deyil, operator və provayderlərə təqdim olunan xidmətin tarifləri ilə bağlı da Antiinhisara müraciət edib.
Əlbəttə, bu tariflərin artırılması da dolayı yolla istifadəçilərə də təsir göstərə bilər. Çünki provayderlərin xərcləri artarsa, onların bu artımı sonradan vətəndaşlara təklif olunan qiymətlərə də təsir edəcək.
Bəs “Aztelekom” bu dəfə Antiinhisara hansı müraciəti edib?
Məlum olduğu kimi, AZCON tərkibində olan, dövlətə məxsus nəhəng təbii inhisarçı olan Aztelekom bir neçə istiqamətdə fəaliyyət göstərir.
O, həm magistral operator, həm daxili telekommunikasiya şəbəkəsinin sahibi , həm də adi pərakəndə provayder kimi də fəaliyyət göstərir.
Yəni bu nəhəng dövlət operatoru həm də internet satır.
Digər Provayderlər internet xidmətləri göstərmək və kontenti müştərilərinə çatdırmaq üçün müxtəlif operatorların, o cümlədən də Aztelekom-un şəbəkələrindən istifadə edirlər.
Xatırladıram ki, YouTube və Facebook kimi qlobal platformaların bəzi kontentləri ölkə daxilində yerləşən keş serverlərdə saxlanılır və istifadəçilərə həmin serverlərdən çatdırıla bilir.
Digər backbone operatorlarının da ölkə daxilində öz şəbəkələri və kontentin çatdırılması imkanları var.
Aztelekom isə məhz bu trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflər tətbiq etmək üçün Antiinhisara müraciət edib.
Agentlik araşdırmanın nəticəsində yeni tariflərin tətbiqinə bir sıra şərtlərlə razılıq verib.
Antiinhisarın şərtləri nədir?
Agentlik tələb edib ki, Aztelekom inhisarçı olduğundan xidməti eyni vəziyyətdə olan operator və provayderlərə bərabər şərtlərlə təqdim etsin və ayrı-seçkiliyə yol verməsin.
Başqa sözlə, Aztelekom-un şəbəkəsindən istifadə edən provayderlərin başqa operatorların və provayderlərin, məsələn DeltaTelecom və AzerTelecom-un bağlantı nöqtələrindən, kontentin çatdırılması şəbəkələrindən və digər şirkətlərin xidmətlərindən istifadə imkanları məhdudlaşdırılmamalıdır.
Həmçinin xidmətin tarifləri, qoşulma və müraciətdən imtina şərtləri, standart müqavilə və şikayət proseduru “Aztelekom”un saytında açıq dərc edilməlidir.
Düşünürəm ki, bu şərtlər məntiqlidir və bazarda rəqabətin qorunması baxımından çox vacibdir. Antiinhisarın qərarı təqdirəlayiqdir.
Bununla belə, açıqlamada yeni tariflərin məbləği, onların konkret hansı xidmətə və trafikə tətbiq olunacağı, ödənişin kimdən alınacağı göstərilmir.
Bu məsələlərə də aydınlıq gətirilməsi faydalı olardı.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:08


























