mobil versiya

Amerikalı reper Macklemore "Fələstinə Azadlıq" adlı konsert turuna başlayıb







Amerikalı reper Macklemore, Fələstin tərəfdarı fikirlərinə görə britaniyalı pop ulduzu Ed Sheeran-ın ABŞ turunda iştirak etmək hüququndan məhrum edildikdən sonra, bazar ertəsi günü Dublində yeni "Fələstinə Azadlıq" (Free Palestine) adlı konsert turuna start verdi.

İrlandiya paytaxtında keçirilən və təşkilatçıların sözlərinə görə bütün biletləri satılmış ilk konsertin keçiriləcəyi məkanın qarşısında növbə gözləyən həyəcanlı pərəstişkarlar, 43 yaşlı sənətçinin mövqeyini yüksək qiymətləndirdilər.

Sığorta sahəsində çalışan 31 yaşlı Maykl Kiting AFP agentliyinə verdiyi açıqlamada: "Macklemore-un Fələstinə dəstəyi çox böyükdür. O, asan yolu seçmək əvəzinə, cəsarət göstərərək özünü riskə atdı," – dedi.

"O, sülh naminə öz populyarlığını, gələcəyini, hətta ailəsinin gələcəyini – hər şeyi riskə atır. Bu, çox vacib bir məsələdir."

"Thrift Shop" mahnısı ilə tanınan ulduz, səhnədə "Fələstinə azadlıq!" (Free Palestine!) şüarını səsləndirdikdən və fələstinlilərə "unudulmadınız" dedikdən sonra Sheeran-ın ABŞ turundan kənarlaşdırılmışdı.

Sheeran, Macklemore-un turdan çıxarılması qərarının ona deyil, tur təşkilatçılarına aid olduğunu bildirdi. Bu açıqlama musiqiçilər və Fələstin tərəfdarı fəallar arasında ciddi narazılığa səbəb oldu.

Dublindəki konsertə keçmiş məktəb yoldaşı ilə birlikdə gələn 60 yaşlı təqaüdçü Qreyn Hili (Grainne Healy) fikirlərini belə bölüşdü: "ABŞ azad söz ölkəsi olmalıdır, lakin əvəzində insanların səsi boğulur. (Sheeran) Macklemore-un atdığı addımı dəstəkləməli idi."

Amerikalı müğənni Finneas da daxil olmaqla, daha dörd sənətçi Macklemore ilə həmrəylik nümayiş etdirərək Sheeran-ın turunda iştirakdan imtina etdi. Daha sonra Sheeran Filadelfiyadakı konserti zamanı Qəzzadakı vəziyyətlə bağlı susqunluğunu pozaraq, baş verənləri "əsassız və qeyri-mütənasib" adlandırdı.

Ötən ay Macklemore "Fələstinə Azadlıq" (Free Palestine) adlı konsert turunu elan etdi. Oktyabrın sonlarında London və Parisdə, daha sonra isə ABŞ-da konsertlər verməyi planlaşdıran sənətçi, əldə olunacaq bütün gəlirlərin Fələstin tərəfdarı təşkilatlara bağışlanacağını bildirdi.

Dublindəki "3Arena"nın qarşısında satıcılar pərəstişkarlara yarısı İrlandiya, yarısı Fələstin bayrağı olan bayraqlar, üzərində "Fələstinə Azadlıq" yazılmış papaqlar və Fələstin üslubunda kəfiyələr (şərflər) təklif edirdilər. 18 yaşlı tələbə və pərəstişkar Freya Dorrity: “(Macklemore) Fələstin haqqında danışmağa başlayandan bəri, ona olan sevgimiz daha da artdı”, – dedi.

Üzərində qırmızı-ağ rəngli, Fələstin üslubunda kəfiyyə (şərf) olan 40 yaşlı Maria Liddi isə oraya Fələstin xalqı ilə “həmrəylik nümayiş etdirmək” üçün gəldiyini bildirərək, “sənətçilərə heç bir şəkildə senzura tətbiq olunmamalıdır” fikrini əlavə etdi.

Reportyor.az 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 09:48