İran-Pakistan ticarəti qismən bərpa olunsa da, minlərlə yük maşını yolda qalıb

Pakistanın cənub-qərbindəki işgüzar dairələrin nümayəndələrinin bazar ertəsi AFP agentliyinə verdiyi məlumata görə, iki ölkə arasında quru yolu ilə ticarətin məhdud şəkildə bərpa olunmasına baxmayaraq, İran-Pakistan sərhədinin hər iki tərəfində minlərlə yük maşını gözləmə vəziyyətində qalıb.
Pakistanın Ərəbistan dənizi sahilində yerləşən Qvadar şəhərinin Ticarət Palatasının sədri Mir Navid Can Kalmati bildirib ki, İranla sərhəd ticarət üçün "yalnız qismən açıqdır" və sərhəddə böyük növbələr yaranıb.
Kalmati qeyd edib ki, "İran tərəfində üç-dörd min, Pakistan tərəfində isə iki-üç min yük maşını" toplanıb.
Onun sözlərinə görə, bir həftə davam edən qapadılmadan sonra yaranmış sıxlığı aradan qaldırmaq üçün sərhəddən keçməyə yalnız müəyyən nəqliyyat vasitələrinə icazə verilir.
İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm bazar günü "X" sosial şəbəkəsində yazıb ki, İran tərəfində heç bir məhdudiyyət yoxdur; buna mayeləşdirilmiş neft qazının (LPG) ixracı da daxildir.
O, sərhədin bağlanmasına səbəb kimi "Pakistanın İrandan idxal üçün tətbiq etdiyi 'E-Forma' (elektron forma) prosedurunun icrasında baş verən dəyişiklikləri" göstərib. Səfirin sözlərinə görə, bu dəyişikliklər elə bir vəziyyət yaradıb ki, "tacirlər faktiki olaraq İrandan Pakistana yük göndərə bilmirlər".
Kalmati bildirib ki, sərhədin hər iki tərəfindəki şirkətlər hakimiyyət orqanlarına müraciət edərək ticarətin tam həcmdə bərpa olunmasına icazə verilməsini tələb edirlər.
O əlavə edib ki, palata üzvləri və sürücülər "narahat və məyusdurlar; onlar evlərinə qayıtmaq və işlərini davam etdirmək istəyirlər".
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Keç rayonundan olan iş adamı Fida Əhməd Dəşti bildirib ki, ona yalnız sənədləri 16 oktyabrdan əvvəl hazırlanmış nəqliyyat vasitələrinin sərhədi keçməsinə icazə verildiyi deyilib.
Bəlucistanda fəaliyyət göstərən digər iki iş adamı da təsdiqləyiblər ki, sürücülərinin verdiyi məlumata görə, sərhəddən keçməyə yalnız sənədləri 16 oktyabrdan əvvəl hazırlanmış nəqliyyat vasitələrinə icazə verilir.
Qvadar Ticarət Palatası şənbə günü yaydığı bəyanatda bildirib ki, mayeləşdirilmiş neft qazı (LPG) idxalının dayandırılması və "sərhədin qəfil bağlanması" ölkə üzrə LPG təchizat zəncirinin pozulmasına və qiymətlərin kəskin artmasına səbəb olub. Pakistan Yaxın Şərqdəki müharibə ilə bağlı sülh sazişinin əldə olunmasında vasitəçilik etməyə cəhd göstərib. Ölkə ordusunun komandanı, feldmarşal Asim Munirin bazar ertəsi Tehrana səfəri nəzərdə tutulurdu; bu, onun bir həftədən az müddətdə İslam Respublikasına ikinci səfəri olacaqdı.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:29


























