NASA 2028-ci il üçün Aya heyətli eniş missiyasını rəsmən elan edib

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) "Artemis IV" missiyası çərçivəsində 2028-ci ildə Aya astronavtlar göndərmək planlarını açıqladı.
NASA rəhbəri Cared Ayzekmanın (Jared Isaacman) sözlərinə görə, agentlik müəyyən edilmiş qrafikə riayət etmək üçün işlərini sürətləndirir və texniki tələbləri nəzərdən keçirir.
Ayzekman mətbuata verdiyi açıqlamada bildirib: "Biz 'Artemis IV' missiyasına amerikalıların 2028-ci ildə Ay səthinə təhlükəsiz və uğurlu şəkildə qayıtması üçün ən yaxşı imkanı yaradırıq. 2028-ci ildə amerikalı astronavtlar Aya ilk addımlarını atdıqda, onları orada bir rover və insanların daimi mövcudluğu üçün nəzərdə tutulan ilk elementlər gözləyəcək".
Eyni zamanda, NASA-nın "Artemis" proqramının meneceri Ceremi Parsons (Jeremy Parsons) bildirib ki, Ay eniş modullarının hazırlanması prosesi müqavilə bağlanmış iki özəl şirkətdə – İlon Maskın (Elon Musk) "SpaceX" və Ceff Bezosun (Jeff Bezos) "Blue Origin" şirkətlərində paralel şəkildə davam edir.
Parsons qeyd edib: "Biz 'Artemis' komandası olaraq, müəyyən edilmiş 2028-ci il qrafiki çərçivəsində Ay səthinə çatmaq məqsədilə irəliləyiş əldə etməyə bütün diqqətimizi yönəltmişik".
O əlavə edib ki, NASA heyəti Ay səthinə hansı şirkətin çatdıracağı ilə bağlı qərar verməzdən əvvəl mümkün qədər gözləyəcək. Parsons həmçinin qeyd edib ki, hər iki şirkət 2028-ci ildə Aya enişi həyata keçirmək istiqamətində fəaliyyət göstərir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:27


























