mobil versiya

Dünyada turistlər üçün ən qonaqpərvər 10 ölkədən 4-ü Asiyadadır





İndoneziya, Butan, Tailand və Hindistan, Britaniyanın "Condé Nast Traveller" jurnalının 800 000 oxucusunun səsverməsi ilə müəyyən edilən "Oxucuların Seçimi Mükafatları"nda (Readers' Choice Awards) turistlər üçün dünyanın ən qonaqpərvər 10 ölkəsi siyahısına daxil olublar.

İndoneziya 100 baldan 97,5 bal toplayaraq dördüncü yerdə qərarlaşıb.

İndoneziyanın geniş arxipelaqı boyunca səyahətçilər tez-tez əməkdaşlığa və kollektiv rifaha əsaslanan "qotonq royonq" (gotong royong) ruhundan qaynaqlanan səmimi qonaqpərvərliklə qarşılaşırlar. Jurnal yerli icmalarla bağlı təcrübələri xüsusi vurğulayıb: ailə tərəfindən idarə olunan kiçik yeməkxanalarda ("warung") yeməklərin bölüşülməsi, kənd ağsaqqalları ilə söhbətlər və ənənəvi evlərə baş çəkmək buna misaldır.

Qonaqların ənənəvi olaraq açıq qapılarla qarşılandığı, onlarla yemək və çayın bölüşüldüyü Butan 97,23 balla beşinci yeri tutub.

Tailand 96 balla 9-cu yerdə qərarlaşıb. Tez-tez "Gülümsəmələr ölkəsi" adlandırılan bu Cənub-Şərqi Asiya dövləti, səmimi mühiti və mehriban yerli sakinləri ilə həm tək səyahət edənləri, həm "rəqəmsal köçəriləri", həm də ailələri özünə cəlb edir.

Hindistan 95,87 balla ilk onluğu tamamlayıb.

Jurnal qeyd edir ki, hindistanlılar qonaqpərvərliyi tez-tez kiçik xeyirxahlıqlar və güclü icma hissi ilə ifadə edirlər; istər bir fincan çay təklif etmək, istər evdə hazırlanmış yeməyi bölüşmək, istərsə də sadəcə "namaste" sözü ilə salam vermək olsun.

Səyahət sənayesində ən uzun tarixə malik olan "Oxucuların Seçimi Mükafatları" (Readers' Choice Awards) dünya üzrə otellər, kurortlar və turizm məkanlarındakı yüksək keyfiyyəti və mükəmməlliyi qiymətləndirir.

Mükafatlara əsasən, dünyada turistlər üçün ən qonaqpərvər 10 ölkə:

1. Kosta Rika

2. Yeni Zelandiya

3. İrlandiya

4. İndoneziya

5. Butan

6. Portuqaliya

7. İtaliya

8. Yunanıstan

9. Tailand

10. Hindistan


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:28