mobil versiya

Quterreş UNAMA-da 60 iş yerinin ixtisarını təklif edib






BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Əfqanıstana Yardım Missiyasında (UNAMA) 60 ştat vahidinin ixtisar edilməsini, eyni zamanda təşkilatın 2027-ci il üçün nəzərdə tutulan proqram büdcəsi çərçivəsində Əfqanıstan üzrə Müstəqil İstintaq Mexanizminə əlavə 3,2 milyon dollar vəsait ayrılmasını təklif edib.

Təklif olunan büdcəni Baş Assambleyanın Beşinci Komitəsinə təqdim edən Quterreş bildirib ki, ştatların ixtisarı BMT-nin xüsusi siyasi missiyalarında aparılan daha genişmiqyaslı düzəlişlərin, həmçinin səmərəliliyin artırılması və resursların təşkilatın mandatına uyğunlaşdırılması istiqamətindəki səylərin bir hissəsidir.

Təklif olunan büdcə müvafiq sahələr üzrə yeddi ştat vahidinin xalis azalmasını nəzərdə tutur; bu rəqəm 116 ştatın ixtisarı, eləcə də 84 yeni ştatın yaradılması və 25 ştatın statusunun dəyişdirilməsi (konversiyası) nəticəsində formalaşıb. İxtisar edilməsi nəzərdə tutulan 60 ştat UNAMA-ya, 44 ştat isə BMT-nin Haitidəki İnteqrasiya olunmuş Ofisinə aiddir.

Quterreş həmçinin, 2026-cı ildəki ilkin təsis mərhələsindən sonra Əfqanıstan üzrə Müstəqil İstintaq Mexanizmi üçün əlavə 3,2 milyon dollar vəsait ayrılmasını təklif edib.

O qeyd edib ki, əlavə maliyyələşdirmə əlavə kadr və qeyri-kadr resursları vasitəsilə mexanizmin fəaliyyətini dəstəkləyəcək.

Bu mexanizm öz mandatına uyğun olaraq, Əfqanıstanda törədilmiş ciddi beynəlxalq cinayətlərlə bağlı araşdırmalara dəstək vermək məqsədi daşıyır.

BMT-nin 2027-ci il üçün təklif olunan proqram büdcəsi Nayrobi və Cenevrədəki iri tikinti layihələri istisna olmaqla, 3,302 milyard dollar təşkil edir. Həmin layihələr də nəzərə alındıqda, ümumi məbləğ 3,408 milyard dollara çatır ki, bu da təsdiqlənmiş 2026-cı il büdcəsi ilə müqayisədə təxminən 1,2 faiz və ya 40,8 milyon dollar azalma deməkdir.

Quterreş bildirib ki, büdcə BMT-nin səmərəliliyi artırmaq, hesabatlılığı gücləndirmək və resursların təşkilatın mandatına uyğun proqramların icrasına yönəldilməsini təmin etmək istiqamətində davam edən islahat səylərini əks etdirir.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:17