Somali əsilli Saqal Abdi-Vali Londonun ən yeni parlament üzvü kimi and içib

Somali əsilli Saqal Abdi-Vali bazar ertəsi günü Böyük Britaniya İcmalar Palatasında Holborn və Sent-Pankras dairələrini təmsil etmək üçün and içərək Londonun ən yeni parlament üzvü oldu.
42 yaşlı Abdi-Vali keçən həftə keçirilən əlavə seçkilərdə qalib gələrək, Londonun mərkəzindəki həmin seçki dairəsində sabiq baş nazir Keir Starmeri əvəz edib.
Abdi-Vali Britaniyaya uşaq yaşlarında qaçqın kimi gəlib. O, ömrünün böyük hissəsini Londonun Kamden rayonunda keçirib; yerli şuranın rəhbəri olmazdan əvvəl xeyriyyə təşkilatları və məktəblərlə əməkdaşlıq edib.
Onun namizədliyi Britaniyadakı Somali və daha geniş Afrika icmalarının böyük diqqətini cəlb edib – bu, onun qaçqınlıqdan yerli idarəetmədə yüksək vəzifəli şəxsə çevrilməsi yolunu əks etdirir.
Abdi-Vali səslərin 45 faizini toplayaraq, 33 faiz səs qazanan Yaşıllar Partiyasının lideri Zak Polanskini üstələyib. Mühafizəkarlar 7 faiz, miqrasiya əleyhinə mövqe tutan "Reform" Partiyası isə 6 faiz səs əldə edib.
Qələbə nitqində Abdi-Vali evsizlik problemi və gənclər üçün imkanların artırılması məsələləri ilə məşğul olmaq istədiyini bildirib.
Starmerin xələfi Endi Börnem qələbədən sonra Abdi-Valini təbrik edib və onunla işləməyi səbirsizliklə gözlədiyini söyləyib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:32


























