mobil versiya

Dohada Əfqanıstan məsələsində konsensus əldə olunub


Beynəlxalq nümayəndələr Dohada keçirilən iki günlük görüşdən sonra Əfqanıstanla bağlı bəzi əsas məsələlər üzrə konsensus əldə ediblər.
BMT-nin Baş katibi Antonio Quterreş bunu görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Biz istəyirik ki, Əfqanıstan sülh şəraitində yaşasın, suveren dövlətin öhdəliklərini və beynəlxalq məsuliyyətləri öz üzərinə götürsün”, - deyə Antonio Quterreş bildirib. Onun sözlərinə görə, Əfqanıstan məsələsində vəziyyətdən çıxmaq üçün bəzi maneələr qalır və onları dəf etmək lazımdır.
“Taliban” hökumətinin hələ də beynəlxalq səviyyədə tanınmadığını xatırladan BMT Baş katibi onların bir çox məsələdə qlobal institutlara və dünya iqtisadiyyatına inteqrasiya olunmadıqlarını vurğulayıb. Antonio Quterreş beynəlxalq ictimaiyyətin və Əfqanıstan hakimiyyətinin problemləri həll etmək üçün vahid yol xəritəsi hazırlamalı olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, BMT Baş katibinin sədrliyi ilə Qətərin paytaxtında keçirilən iclasda 20-dən çox ölkənin və beynəlxalq təşkilatın, o cümlədən Çin, Rusiya və ABŞ-ın nümayəndələri iştirak ediblər. Əfqanıstan hökumətinin nümayəndələri görüşə qatılmayıb. Antonio Quterreş bunu taliblər tərəfindən qəbuledilməz şərtlər irəli sürülməsi ilə izah edib.(Azərtac)


KARUSEL / DÜNYA
Tarix: 20-02-2024, 13:18