mobil versiya

PTI Xeybər-Paxtunxvada fövqəladə vəziyyət və qubernator idarəçiliyinin tətbiqinə etiraz edir





"Pakistan Tehreek-e-Insaf" (PTI) partiyasının sədri vəkil Göhər Əli Xan, seçilmiş əyalət hökumətinin bərpası tələbi ilə Peşəvər Ali Məhkəməsində Xeybər-Paxtunxvada fövqəladə vəziyyət və qubernator idarəçiliyinin tətbiqinə qarşı iddia qaldırıb.

Yerli media bu barədə məlumat verib. 

Fövqəladə vəziyyət rejimi oktyabrın 11-də, Prezident Asif Əli Zərdarinin Baş nazir Şahbaz Şərifin tövsiyəsi əsasında Konstitusiyanın 232 və 234-cü maddələrinə uyğun olaraq bu addımı təsdiqləməsindən sonra tətbiq edilib.

Federal hökumət qərarı əyalətdə pisləşən təhlükəsizlik vəziyyəti və terrorla mübarizə səyləri ilə bağlı narahatlıqlarla əsaslandırıb. Əyalət hökumətinə rəhbərlik edən və İmran Xan tərəfindən təsis edilmiş PTI partiyası fövqəladə vəziyyət və qubernator idarəçiliyinin tətbiqinə qarşı çıxıb.

Qərardan sonra qubernator Feysəl Kərim Kundi əyalət işlərinə məsul təyin edilib.

Yeni qaydaya əsasən, o, 11 nəfərlik məsləhət şurasının köməyi ilə federasiya adından əyalət hökumətinin funksiyalarını yerinə yetirir, parlament isə əyalət məclisinin qanunvericilik səlahiyyətlərini icra edir.

Federal ədliyyə naziri Əzəm Nəzir Tarar bildirib ki, bu qayda ilkin mərhələdə altı ay müddətində qüvvədə qalacaq.

Bu addımdan sonra, bazar günü Baş nazir (əyalət rəhbəri) Süheyl Afridi və əyalət kabinetinin bəzi üzvləri saxlanılıb.

Bazar ertəsi daxili işlər üzrə dövlət naziri Talal Çaudri onların profilaktik məqsədlə saxlanıldığını təsdiqləyib və "Reuters" agentliyinə bildirib ki, barələrində iş açılan şəxslərə qarşı ittiham irəli sürülərək məhkəmə prosesi keçiriləcək, digərləri isə sərbəst buraxılacaq.

Müxalifət partiyası tərəfindən fövqəladə vəziyyət və qubernator idarəçiliyinə etiraz məqsədilə bu gün Peşəvər Ali Məhkəməsinə təqdim edilən ərizə vəkil Əli Zaman vasitəsilə verilib.

Çərşənbə günü mətbuata açıqlama verən Göhər bildirib ki, bu tədbirlər əslində əyalətdəki demokratik hökumətin fəaliyyətinə son qoyub.

O, Ali Məhkəmənin seçilmiş hökuməti bərpa edəcəyinə ümidvar olduğunu bildirib və qeyd edib ki, partiya məsələyə tezliklə baxılmasını xahiş edib. "Biz konstitusion və hüquqi mübarizəmizi davam etdirəcəyik", - deyə o əlavə edib.

Fövqəladə vəziyyət rejimi, həbsdə olan PTI qurucusu İmran Xanın azad edilməsi və ona tibbi yardım göstərilməsi tələbi ilə tərəfdarlarının Xeybər-Paxtunxvada yürüş keçirməsindən bir həftə sonra tətbiq edilib. Hökumət və müxalifət arasında aparılan danışıqların razılıqla nəticələnməməsindən sonra, oktyabrın 4-də Laki Marvatda yürüş başladı.

Danışıqlar əyalətdə terrorla mübarizə sahəsində əməkdaşlıq və İmranla təmas (o cümlədən şəxsi həkimi ilə görüş) məsələləri ətrafındakı fikir ayrılıqları səbəbindən pozuldu.

Afridi əyalət boyunca yürüşə rəhbərlik etməyə davam edərkən, hökumət və müxalifət razılığın əldə olunmaması ilə bağlı bir-birini ittiham etdilər.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:52