mobil versiya

Pəşəvərdə özəl məktəbdə damın uçması nəticəsində azı 28 uşaq və bir müəllim həlak olub





Rəsmilərin verdiyi məlumata görə, cümə axşamı Pəşəvərin "Dir Koloni" (Dir Colony) ərazisində yerləşən özəl məktəbdə damın uçması nəticəsində azı 28 uşaq və bir qadın müəllim həlak olub.

Bu barədə Pakistan mediası xəbər verir. 

Əvvəlcə dörd nəfərin ölümü barədə məlumat verən "Lady Reading" Xəstəxanasının (LRH) rəhbərliyi, daha sonra xəstəxanaya 28 uşağın cəsədinin gətirildiyini açıqlayıb.

Xəstəxana rəhbərliyi bildirib ki, damın uçması nəticəsində 20 uşaq da xəsarət alıb.

LRH rəhbərliyinin sözlərinə görə, hadisədən sonra xəstəxanaya bir qadın müəllimin də cəsədi gətirilib.

Bu arada, şəhər polis rəisi (CCPO) Dr. Mian Səid bildirib ki, əyalət mərkəzində baş verən bu hadisədə 40-dan çox insan xəsarət alıb.

Polis rəisi Səid qeyd edib ki, hadisədən sonra özəl məktəbin sahibi həbs olunub.

Xilasetmə xidməti əməkdaşları daha əvvəl bildirmişdilər ki, məktəbin damı uçduqdan sonra bir neçə uşaq dağıntılar altında qalıb.

Xilasetmə orqanlarının məlumatına görə, hazırda uşaqların və məktəb heyətinin axtarışı məqsədilə dağıntılar arasında xilasetmə əməliyyatı aparılır.

Əyalət Təhsil Katibi İnayətullah Vasim, Özəl Məktəblərə Nəzarət İdarəsinin rəhbərinə hadisə ilə bağlı sabahadək hesabat təqdim etməyi tapşırıb.

Təhsil katibi, həmçinin hadisə nəticəsində həyatını itirən uşaqların və müəllimlərin ailələrinə dərin hüznlə başsağlığı verib.

Xayber-Paxtunxva (KP) əyalətinin qubernatoru Feysəl Kərim Kundi hadisə ilə bağlı kədərini ifadə edib və aidiyyəti qurumlardan hesabat tələb edib.

O, həmçinin səlahiyyətli şəxslərə xəsarət alan uşaqlara mümkün olan ən yaxşı tibbi xidmətin göstərilməsi barədə tapşırıq verib.

Baş nazir Şahbaz Şərif aidiyyəti qurumlara məktəb damının uçduğu ərazidə xilasetmə və yardım işlərini sürətləndirmək barədə göstəriş verib.

Reportyor.az 

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:20