İmran Xanın bacıları hələ də Lahordakı Kot Laxpat həbsxanasında saxlanılır

Lahor Ali Məhkəməsi (LHC) cümə axşamı günü, həbsdə olan "Pakistan Təhrik-i-İnsaf" (PTI) partiyasının qurucusu İmran Xanın üç bacısının azad edilməsi ilə bağlı şikayətə baxarkən, Pəncabın Daxili İşlər Katibini və Kot Laxpat həbsxanasının rəisini 28 oktyabr tarixində şəxsən məhkəməyə çağırıb.
Bu barədə Geo News xəbər verir.
Əlimə Xan, Nurin Niyazi və Dr. Uzma Xan, PTI-nin hökumət əleyhinə etiraz aksiyası ilə əlaqədar olaraq, "İctimai Asayişin Qorunması" (MPO) haqqında qanunvericiliyə əsasən ötən aydan bəri həbsdə saxlanılırlar.
Nurin və Uzma, PTI-nin 27 sentyabrda keçirilməsi planlaşdırılan (sonradan 4 oktyabra təxirə salınan) etiraz aksiyasından bir qədər əvvəl – 21 sentyabrda 30 gün müddətinə saxlanılmışdılar. Əlimə Xan isə bir gün əvvəl – 20 sentyabrda saxlanılmışdı.
Bu gün keçirilən iclasda şikayətçinin vəkili məhkəməyə bildirib ki, hər üç bacının saxlanılması ilə bağlı qərarların müddəti müvafiq olaraq 19 və 20 oktyabr tarixlərində başa çatıb.
Hakim Abher Gül Xan vəkildən soruşub ki, nə üçün Lahorun səlahiyyətli nümayəndəsi (deputy commissioner) şikayətdə cavabdeh tərəf kimi göstərilməyib.
Vəkil məhkəməyə izah edib ki, həmin rəsmi şəxs tərəfindən verilən saxlanılma bildirişinin müddəti bitdiyi üçün o, işə cəlb edilməyib.
Bununla belə, iclas zamanı Uzma Xanın həyat yoldaşı Ahed Xan məhkəmədən Lahorun səlahiyyətli nümayəndəsinin də məhkəməyə çağırılmasını xahiş edib.
Buna cavab olaraq hakim Abher Gül Xan bildirib ki, həmin şəxs işdə tərəf qismində iştirak etmədiyi üçün onu məhkəməyə çağırmaq mümkün deyil.
Əlimə Xanın oğlu Şahrez Xan bir gün əvvəl Lahor Ali Məhkəməsinə yeni şikayət ərizəsi təqdim edərək, İmran Xanın bacılarının saxlanılmasına etirazını bildirib.
Şikayət ərizəsində qeyd olunur ki, 30 günlük həbs müddətinin başa çatmasına baxmayaraq, bacılar hələ də Lahordakı Kot Laxpat həbsxanasında saxlanılırlar.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:34


























