Səudiyyə Ərəbistanının səfiri: Məqsədimiz Azərbaycan ictimaiyyətini Krallığın zəngin mədəniyyəti ilə tanış etməkdir

Səudiyyə Ərəbistanının XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirakı Azərbaycan ictimaiyyətini Krallığın mədəniyyəti ilə tanış etmək və iki ölkə arasında mədəni mübadiləni gücləndirmək baxımından əhəmiyyətlidir.
Bu fikirləri jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli deyib.
Səfir bildirib ki, sərgidə Səudiyyə Ərəbistanı Krallığının milli kimliyini əks etdirən stend ziyarətçilər tərəfindən maraqla qarşılanır. Stenddə ölkənin müxtəlif qurumları təmsil olunur, ziyarətçilərə Səudiyyə Ərəbistanının tarixi və mədəniyyəti haqqında məlumatlar təqdim edilir.
Diplomat qeyd edib ki, stenddə İki Müqəddəs Məkan haqqında nəşrlər, Kral Fəhd adına Qurani-Kərimin Çap Kompleksinin nəşrləri, eləcə də Səudiyyə Ərəbistanının tarixindən bəhs edən kitablar nümayiş olunur.
İssam bin Saleh əl-Cuteyli bildirib ki, sərgidə Səudiyyə Ərəbistanının mədəniyyət attaşeliyi də iştirak edir. Qurum azərbaycanlı tələbələr üçün nəzərdə tutulan “Səudiyyə Ərəbistanında təhsil al” proqramını təqdim edir. Səfirin sözlərinə görə, proqram çərçivəsində hər il 121 azərbaycanlı tələbənin təhsil xərcləri Səudiyyə Ərəbistanı tərəfindən qarşılanır. (Azərtac)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:43


























