İrandan Pakistan ordusunun komandanına: Tələblərimiz yerinə yetirilmədən Vaşinqtonla danışıqlar olmayacaq

İran mediasının məlumatına görə, Tehran çərşənbə axşamı Pakistan ordusunun komandanı Asim Munirə bildirib ki, İranın tələbləri yerinə yetirilməyənə qədər Vaşinqtonla heç bir danışıq aparılmayacaq. Bununla da Tehran, İslamabadın vasitəçilik səylərinə baxmayaraq, öz mövqeyini bir daha vurğulayıb.
İranın "Nour News" xəbər agentliyi bildirib ki, prezident Məsud Pezeşkian Tehranda Munirlə görüşü zamanı vasitəçilik səylərini və regiondakı prosesləri müzakirə edib.
Pakistan ABŞ və İran arasında əsas vasitəçilərdən biridir.
Əvvəlki vasitəçilik səyləri iyun ayında müvəqqəti sülh sazişinin imzalanması ilə nəticələnmişdi.
Lakin "İslamabad memorandumu" imzalandıqdan cəmi bir neçə həftə sonra İran və ABŞ arasında döyüşlərin yenidən başlaması ilə qüvvədən düşdü.
Munir həmçinin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə də görüşüb.
Görüşlə bağlı İran tərəfinin yaydığı açıqlamada qeyd olunur ki, İran rəsmisi Vaşinqtonun Tehranın etibarını qazana bilməyəcəyini vurğulayıb. Bunun üçün ABŞ, Hörmüz boğazının yenidən açılması ilə bağlı ötən ay irəli sürülən yeddi şərti yerinə yetirməlidir.
İranın şərtlərinə ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılması, neft ixracına qarşı sanksiyaların ləğvi və regiondakı bütün cəbhələrdə hərbi əməliyyatlara son qoyulması daxildir.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi də Munirlə ayrı bir görüşdə oxşar mövqe ifadə edərək bildirib ki, Tehranın tələbləri yerinə yetirilməyənə qədər Vaşinqtonla danışıqlar aparılmayacaq.
Rezayi həmçinin bütün zənginləşdirilmiş nüvə materiallarının İranda qalacağını qeyd edib. Bununla o, Ali Rəhbər Ayətullah Müctəba Xameneinin "silah səviyyəsinə qədər zənginləşdirilmiş uranın xaricə göndərilməməsi" barədə mövqeyini bir daha təsdiqləyib.
ABŞ vitse-prezidenti Cey Di Vens bu ay bəyan edib ki, ABŞ-ın tələblərini yerinə yetirmək və iki ölkə arasında səkkiz aydır davam edən müharibəyə son qoymaq üçün İran uran zənginləşdirmə potensialını əhəmiyyətli dərəcədə azaltmalıdır.
İsrail, ABŞ və digər Qərb ölkələri uzun müddətdir ki, İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edirlər. Onlar İranın uranı 60 faiz səviyyəsinə qədər zənginləşdirməsinə diqqət çəkirlər; bu səviyyə mülki məqsədlər üçün lazım olandan qat-qat yüksəkdir və silah istehsalı üçün tələb olunan 90 faizlik göstəriciyə daha yaxındır.
İran isə nüvə silahı əldə etməyə çalışdığı barədə iddiaları rədd edir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:27


























