mobil versiya

Sahibkarlar üçün vergi bəyannamələrinin avtomatik doldurulması sistemi istifadəyə veriləcək






Azərbaycanda yaxın günlərdə sahibkarlar üçün vergi bəyannamələrinin əvvəlcədən avtomatik doldurulması mexanizminin istifadəyə verilməsi nəzərdə tutulur.

Bunu Dövlət Vergi Xidmətinin Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsinin rəisi vəzifəsini icra edən Samir Xalıqov Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Onun sözlərinə görə, hazırda sadələşdirilmiş vergi üzrə tətbiq olunan bəyannamələrin əvvəlcədən doldurulması mexanizminin genişləndirilməsi istiqamətində işlər aparılır.

“Sistem mövcud məlumatlar əsasında bəyannamənin müvafiq sətirlərini əvvəlcədən doldurur. Vergi ödəyiciləri isə həmin məlumatları yoxlayaraq təsdiq edirlər”, – deyə S. Xalıqov qeyd edib.

O bildirib ki, vergi bəyannamələrinin mobil tətbiq vasitəsilə təqdim edilməsi imkanlarının yaradılması üzərində də iş aparılır. Bu yenilik xüsusilə stasionar kompüterlərə çıxışı məhdud olan mikrosahibkarlar üçün nəzərdə tutulur.
S. Xalıqov əlavə edib ki, rəqəmsallaşma çərçivəsində dövlət qurumları arasında məlumat mübadiləsi də genişləndirilir. Hazırda Dövlət Vergi Xidməti 45 dövlət qurumundan məlumat alır, 42 dövlət qurumuna isə məlumat təqdim edir.
Onun sözlərinə görə, informasiya sistemlərinin inteqrasiyası sahibkarların sənəd yükünün azaldılmasına, vergi inzibatçılığının sadələşdirilməsinə və xidmətlərin operativliyinin artırılmasına imkan yaradacaq. (Apa)

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:48