mobil versiya

Bakının və Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq




Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 4-də paytaxtın Yasamal və Nizami rayonlarında, həmçinin Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində transformator məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, İbrahim Əbilov, Murtuza Muxtarov və Zərgərpalan küçələrində, eləcə də Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Nizami Rayon RETSİ-nin xidməti ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir və təftiş işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Tofiq Abbasov küçəsi, 15 ünvanında elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində 35/6 kV-luq 93 saylı yarımstansiyadan çıxan 6 kV-luq “Aşağı Sulutəpə” hava xətti üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində planlı fasilə olacaq.

Bundan başqa, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən Abşeron RETSİ-nin bir sıra yaşayış sahələrində də elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.
Belə ki, 110/35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttinin yuvasında aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Heydər Əliyev, Zərifə Əliyeva, Babək, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Cəfər Cabbarlı, Əliağa Vahid, Afiq Əbdülhüseynov, Nazim Həsənov və Hamlet Həşimov küçələrinin müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Həmçinin 35 kV-luq “Qobu” hava xəttindən qidalanan transformator məntəqələri və komplekt transformator məntəqələrində aparılacaq təmir və təftiş işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək Qobu qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Qeyd edək ki, görülən işlər elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin yüksəldilməsinə, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edir.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:48