mobil versiya

ABŞ-ın İranın Qeşm adasına zərbə endirdiyi bildirilib





"Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ bazar ertəsi günü İranın Qeşm adasına hücum edib. Bu hadisə, Prezident Donald Trampın səkkiz aydır davam edən münaqişəyə son qoymaq məqsədilə Tehranla aparılan danışıqlarda irəliləyiş olduğunu bildirdiyi bir vaxtda baş verib.

Adı açıqlanmayan ABŞ rəsmilərinə istinad edən "Wall Street Journal", Hörmüz boğazındakı ən böyük ada olan Qeşmə endirilən zərbəni Vaşinqtonun son həftələrdə İrana qarşı gizli şəkildə həyata keçirdiyi məhdud zərbələr silsiləsinin növbəti mərhələsi kimi təsvir edib.

İranın dövlət xəbər agentliyi IRNA adada ard-arda beş partlayışın eşidildiyini, bəzi sakinlərin isə səmada iki təyyarə gördüklərini bildirdiklərini xəbər verib.

"Wall Street Journal" qeyd edir ki, ABŞ artıq bir neçə həftədir ki, İrana qarşı kiçikmiqyaslı zərbələr endirir.

Məlumata görə, bəzi rəsmilər bu hücumları müdafiə xarakterli adlandıraraq, məqsədin İrana Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək imkanı verməmək olduğunu bildiriblər. Fevralın sonlarında müharibə başlayandan bəri əsasən bloklanmış vəziyyətdə olan Hörmüz boğazı neft daşımaları üçün mühüm keçid yoludur.

Qəzet yazır ki, ABŞ genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək niyyətində olduğu təəssüratını yaratmamaq üçün bu hücumlar barədə ictimaiyyətə açıqlama verməyib.

Bazar ertəsi, ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində Tramp Tehranla bir razılaşmanın "mümkün ola biləcəyini" söyləyib.

İranın Hörmüz boğazındakı enerji dəhlizini bloklaması səbəbindən kəskin bahalaşan neft qiymətləri, münaqişənin sona çata biləcəyinə dair nikbinlik fonunda bazar ertəsi yeddi faizdən çox ucuzlaşıb.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:20