mobil versiya

Şərq memarlığının incisi – Şəki Xan Sarayı



Azərbaycan Respublikasında 2026-cı ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinin, tarixi abidələrinin qorunması və təbliği məsələlərini bir daha diqqət mərkəzinə gətirir.
Bu məqsədlə ölkəmizin zəngin memarlıq irsinin tanıdılması, tarixi abidələrin qorunması və təbliğinə həsr olunan silsilə materialların təqdimatı davam etdirilir.

Memar, professor Elçin Əliyevin Şəki Xan Sarayına həsr olunmuş məqaləsini oxuculara təqdim edir.
Şəki Xan Sarayı 1968-ci ilədək Nuxa adlanan Şəki şəhərində yerləşən, Şəki xanlarının keçmiş iqamətgahıdır. Şəki Xan Sarayı muzey, ümumdünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə Şərq üslubunda tikilmiş saray şəhərin şimal-qərb hissəsindəki təpənin üzərində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.

Uzunluğu təxminən 32 metr, eni isə 9 metr olan saray ümumi sahəsi 300 kvadratmetr təşkil edən iki mərtəbədən, altı otaqdan, dörd dəhlizdən və bir-birinin əks tərəfində yerləşən iki eyvandan ibarətdir. Binanın hündürlüyü 10 metr, hər mərtəbənin hündürlüyü isə 3,5 metrdir. Sarayın fasadı ov və müharibə səhnələrini əks etdirən rəsmlər, həndəsi və bitki naxışları ilə bəzədilib.
Sarayın divarları, zalların və otaqların pəncərə boşluqları çıxarılıb-taxılan naxışlı şəbəkələrlə örtülüb. Müxtəlif rəngli şüşələrlə doldurulmuş şəbəkə-pəncərələrin həndəsi rəsmləri sarayın əsas fasadının ümumi kompozisiyası ilə vəhdət təşkil edir.
Şəbəkə rəsmləri xalq ustaları tərəfindən xırda ağac hissələrindən və rəngli şüşə parçalarından yapışqansız və mismarsız birləşdirilməklə yaradılıb. Saray binasının kompozisiyası həm fasadda, həm də planlaşdırmada simmetrikdir. Üst mərtəbə şaquli istiqamətdə alt mərtəbənin planlaşdırmasını tamamilə təkrar edir. Zallar və otaqlar uzununa ox üzrə eyni cərgədə yerləşir.



Sarayın bəzəkləri dörd qrupa – həndəsi və bitki rəsmlərinə, süjetli bəzəklərə, eləcə də bitki motivlərinin quş təsvirləri ilə birləşdirilməsindən yaranan kompozisiyalara bölünür. Sarayın bəzədilməsində qızılı rəngdən geniş istifadə olunması da səciyyəvi xüsusiyyətlərdəndir.
Sarayın daxili hissəsi müxtəlif dövrlərdə bəzədilib. Avropalı ustaların vurduqları bəzəklər alt mərtəbədəki zalın tavanında qalıb. XX əsrin əvvəllərində şuşalı məşhur usta Qəmbər, onun qardaşı Səfər və oğlu Şükür də bəzək işlərini yerinə yetiriblər. Eyni zamanda, Şamaxıdan gəlmiş ustalar Əliqulu, Qurbanqulu və Cəfər, həmçinin Abbas, Əli və başqa sənətkarlar sarayın bəzədilməsində iştirak ediblər.
Birinci mərtəbədəki rəsmlər 1895-1896-cı illərdə şamaxılı Mirzə Cəfər, üst mərtəbədəki rəsmlər isə 1902-ci ildə şuşalı Usta Qəmbər tərəfindən işlənib. Şamaxılı rəssamlar Əliqulu və Qurbanqulu əsasən üst mərtəbədə çalışıblar.
Üst mərtəbə iki hissəyə – kişilər və qadınlar üçün nəzərdə tutulan bölmələrə ayrılıb. Qadınlar üçün nəzərdə tutulan hissə güllər və Şərq naxışları ilə bəzədilib.

Tarixçilər sarayın XVIII əsrdə inşa edildiyini bildirirlər. Bununla belə, Çikaqo Universitetinin professoru Odri Altştadt sarayın XVII əsrdə tikildiyini qeyd edir.
Digər alim Şandor Rado sarayın 1760-cı ildə Hüseyn xan tərəfindən ucaldıldığını, az sonra isə yenidən qurulduğunu yazıb. “Bədii ensiklopediya”da Şəki Xan Sarayının 1761-1762-ci illərdə inşa edildiyi göstərilir.
1848-1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi, şair Kərim ağa Fatehi sarayın bərpasını həyata keçirib.
1853-cü ildə Şəki qalasının planı tərtib edilib. Həmin plana əsasən, qalada xan əyanlarının ailələri üçün müxtəlif təyinatlı çoxsaylı tikililər yerləşib. Saraydan başqa, burada kazarmalar, xəzinə, həbsxana və 1828-ci ildə xan məscidindən pravoslav kilsəsinə çevrilmiş tikili də olub.


Lakin vaxtilə Şəki qalasında mövcud olmuş, bir neçə binadan ibarət böyük kompleksdən günümüzədək yalnız ikimərtəbəli saray və kilsə gəlib çatıb. 2012-ci ildə Şəki Xan Sarayının 250 illik yubileyi qeyd olunub.
Bir vaxtlar sarayın qarşısında gözəl bağ salınıbmış. İndi həmin bağdan yalnız tikili ilə yaşıd olan iki qollu-budaqlı çinar ağacı qalıb. Artıq bir neçə yüz ildir ki, həmin çinarlar etibarlı gözətçilər kimi Azərbaycanın bu memarlıq incisini qoruyur. (Azərtac)


Reportyor.az 








KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 15:29