Vahid geyim qaydalarına riayət olunmasına dair monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur

"İlk növbədə, valideynlərə müraciət etmək istərdik - böyüklər arasında hansı fikir ayrılığı yaranırsa-yaransın, onun nəticəsini uşaqlar təhsildən geri qalmaqla yaşamamalıdırlar".
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O bildirib ki, qanunvericiliyə görə, hər bir valideyn övladının dərsə davamiyyətinə, məktəbin qaydalarına əməl etməsinə və tərbiyəsinə görə məsuliyyət daşıyır: "Dərsə davamlı gəlməmək şagirdin biliyində boşluqlar yaradır, qiymətləndirilməsinə və növbəti təhsil mərhələsinə keçməsinə təsir edir. Hesab edirik ki, bu istiqamətdə maarifləndirmə işlərinə üstünlük verilməlidir.
Müəllimlərlə bağlı məsələyə gəldikdə isə, bu, əmək münasibətləri və qanunvericiliyi ilə tənzimlənən məsələdir.
Geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət olunması müəllimlərin peşə fəaliyyətinə və əmək intizamına, əmək müqaviləsinə dair öhdəliklərinin bir hissəsidir. İşə qəbul edilmiş şəxs əmək müqaviləsinin, daxili intizam qaydalarının və ona qanuni qaydada şamil olunan tələblərin icrasına məsuliyyət daşıyır. Üzrlü səbəb olmadan işə çıxmamaq, əmək funksiyalarını yerinə yetirməmək və ya intizam tələblərinin təkrar pozulması qəbulolunmazdır, qanunazidd hərəkət kimi dəyərləndirilir. Heç kəsə sirr deyil ki, artıq müəllimlərin böyük çoxluğu bu Qaydaların tələblərini gözləyir və tədris fəaliyyətini davam etdirir. Gözləntimiz bundan ibarətdir ki, müəllimlərimiz bu məsuliyyətli məqamda məktəb və şagirdlərinin yanında olacaqlar, vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirəcəklər".
Firudin Qurbanov qeyd edib ki, vahid geyim qaydalarına riayət olunmasına dair monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur: "Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən aparılan bu monitorinqlər həm təhsilalanların, həm də təhsilverənlərin geyim qaydalarını əhatə edir. Monitorinqlərin məqsədi yalnız kiminsə nə geyindiyini qeydə almaq deyil, qaydaların məktəblərdə necə izah və icra edildiyini, rəhbərliyin üzərinə düşən nəzarət və maarifləndirmə işlərini nə dərəcədə yerinə yetirdiyini də izləməkdir. Başqa sözlə, həm şagirdin, həm müəllimin, həm də məktəb idarəçiliyinin məsuliyyətinə baxılır". (Apa)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:54


























