Məktəbli geyimi ilə bağlı yeni tələblər sosial bərabərliyə xidmət edəcək

Məktəblərdə şagirdlərin geyim forması ilə bağlı vahid tələblərin müəyyənləşdirilməsi ümumi təhsil müəssisələrində fərqli yanaşmalardan irəli gələn narazılıqların qarşısının alınmasına və şagirdlər arasında sosial bərabərliyin təmin olunmasına imkan verəcək.
Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev deyib. Ekspert bildirib ki, Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarına dair tələblər dəqiqləşdirilib. Qərara əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Eyni zamanda, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilə bilər.
Ramin Nurəliyev qeyd edib ki, vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısının alınması baxımından da əhəmiyyətlidir: “Fərqli geyim üslublarının məktəb mühitində üstünlük təşkil etməsi ailələrin maddi imkanları arasındakı fərqin şagirdlərin geyimində də özünü göstərməsinə səbəb ola bilər. Vahid forma isə bu baxımdan daha bərabər mühitin formalaşmasına şərait yaradır. Vahid geyim forması məktəbdə müəyyən nizam-intizam mühitinin formalaşmasına da təsir göstərir. Şagirdlərin müəyyən edilmiş standartlara uyğun geyimdə tədris prosesinə cəlb olunması məktəbin daxili qaydalarına riayət olunmasına və ümumi təhsil mühitində intizamın möhkəmlənməsinə töhfə verə bilər. Burada valideynlərin də məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Yeni qərara əsasən, valideynlər və ya digər qanuni nümayəndələr övladlarının geyim forması ilə bağlı müəyyən edilmiş tələblərə riayət etməsini təmin etməlidirlər. Şagirdlərin bu tələblərə riayət etməsi ilə bağlı məsələlər isə məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir. Pedaqoji Şuranın bu barədə qəbul etdiyi qərarın beş iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məlumat lövhəsində yerləşdirilməsi nəzərdə tutulur. Milli geyimlə bağlı istisna da məhz müəyyən edilmiş çərçivədə tətbiq olunur. Belə ki, milli geyimlərdən və ya milli geyim elementlərindən yalnız Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlər zamanı Pedaqoji Şuranın qərarı əsasında istifadə edilə bilər”.
Ekspert diqqətə çatdərəb ki, valideynlər və məktəb rəhbərliyi müəyyən edilmiş tələblərə diqqətlə yanaşmalı, şagirdlərin tədris prosesinə müvafiq geyimdə cəlb olunmasını təmin etməlidirlər. Bu, həm məktəbin daxili nizam-intizamına, həm də şagirdlər arasında sosial bərabərliyin qorunmasına müsbət təsir göstərə bilər. (Azərtac)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:07


























