Banqladeşdə işçi etirazları yüzlərlə geyim fabrikinin fəaliyyətini bağlayıb

Bazar ertəsi Banqladeşdə yüz minlərlə işçinin aylıq əməkhaqlarının artırılması tələbi ilə son illərin ən böyük etiraz aksiyasını keçirməsindən sonra ölkə üzrə yüzlərlə geyim fabriki bağlanıb.
Çindən sonra dünyanın ikinci ən böyük ixracatçısı olan Banqladeşin hazır geyim sənayesi ölkə iqtisadiyyatının onurğa sütununu təşkil edir. Bu sektor illik 40 milyard dollara çatan ixrac gəlirlərinin 80 faizini təmin edir.
Sözügedən sektor ölkədə ən böyük rəsmi sənaye işəgötürəni hesab olunur; Dəkkə, Qazipur, Narayanganj, Çattoqram və Savar kimi əsas sənaye mərkəzlərində qeydiyyatdan keçmiş 3500 fabrikdə təxminən 4 milyon insan çalışır.
Hazır geyim sənayesinin formalaşdırdığı ekosistemdə – nəqliyyat, qablaşdırma və təchizat zəncirləri kimi sahələrdə – milyonlarla əlavə iş yeri yaradılıb.
Lakin Ümumi Daxili Məhsula (ÜDM) təxminən 10 faiz töhfə verməsinə baxmayaraq, geyim fabriklərində çalışan işçilərin rəsmi minimum aylıq əməkhaqqı 12 500 taka (100 ABŞ dolları) təşkil edir ki, bu da geyim ixrac edən ölkələr arasında ən aşağı göstəricilərdən biridir.
2023-cü ildə müəyyən edilmiş bu əməkhaqqı səviyyəsindən bəri yaşayış xərcləri əhəmiyyətli dərəcədə artıb. Xüsusilə yanacaq böhranı və ABŞ-İran qarşıdurması ilə əlaqəli inflyasiyanın yüksəlməsi fonunda həmkarlar ittifaqları minimum əməkhaqqının 30 000 takaya qaldırılmasını tələb edirlər.
Banqladeş Geyim İstehsalçıları və İxracatçıları Assosiasiyasının (BGMEA) məlumatına görə, oktyabrın ortalarından etibarən baş verən bir sıra kiçik etiraz aksiyalarından sonra, bazar günündən etibarən təxminən 1 milyon işçi Dəkkə və Qazipurda əsas küçələri bağlayıb, polislə toqquşub və yüzlərlə fabrikin müvəqqəti olaraq fəaliyyətini dayandırmasına səbəb olub.
BGMEA direktoru Faysal Səməd xarici mediaya bildirib ki, artıq ikinci gündür ki, Dəkkə, Qazipur və Savarın müxtəlif yerlərində geyim sənayesi işçiləri küçələrə çıxıblar. Nəticədə təxminən 700–800 fabrikdə iş prosesi dayanıb: "Əməkhaqlarının artırılması ilə bağlı konkret təklifin hazırlanması müəyyən vaxt aparacaq. Lakin bu, mütləq yaxın vaxtlarda baş verəcək. Əvvəllər belə hallarda proses təxminən üç ay çəkirdi". İğtişaşlar başlayanda hökumət bazar günü, işçilərin tələblərini nəzərdən keçirmək məqsədilə, tərkibinə həmkarlar ittifaqı və fabrik sahiblərinin nümayəndələrinin də daxil olduğu altı nəfərlik əmək haqqı komissiyası yaratdı.
Dəkkədəki Siyasət Dialoqu Mərkəzinin (Center for Policy Dialogue) aparıcı eksperti Mustafizur Rəhman bildirib: “Küçələrdəki bu etirazlar hakimiyyət orqanlarına təzyiq yaradır... İndi müzakirələr aparılacaq və ümid edirik ki, tərəflər konsensus əsasında, hökumətin vasitəçiliyi ilə bir həll yoluna nail ola biləcəklər”.
O, açıqlamasında deyib: “Sahibkarlar işçilərin tələblərinin əsaslı olduğunu, eləcə də son üç il ərzində ölkəmizdə inflyasiyanın əmək haqqı artımlarını xeyli üstələdiyini anlayırlar. Nəticədə işçilərin alıcılıq qabiliyyəti aşağı düşüb və sahibkarlar da bunun fərqindədirlər. Digər tərəfdən, sahibkarlar da müxtəlif çətinliklərlə üzləşirlər: qaz və elektrik enerjisinin olmaması, yüksək faiz dərəcələri ilə bağlı problemlər və s. İşçilər, şübhəsiz ki, bunu da nəzərə alacaqlar. Əgər sektorun rəqabət qabiliyyəti qorunub saxlanılmazsa və fabriklər bağlanarsa, bundan heç kim fayda görməyəcək”.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:37


























