Dünyanın ən hündür ikinci binasında 158 mağazası olan yeni ticarət mərkəzi açılıb

Kuala-Lumpurda, dünyanın ən hündür ikinci binası olan "Menara Merdeka Maybank"ın (əvvəlki adı ilə "Merdeka 118") ətəyində "118 Mall" ticarət mərkəzi açıldı. Açılış ərəfəsində alıcılar növbəyə düzüldülər.
"Malay Mail" qəzetinin məlumatına görə, 118 mərtəbəli qülləyə işarə olaraq, yeddi mərtəbəli ticarət mərkəzinin qapılarını saat 11:18-də açması planlaşdırılmışdı. Lakin həvəsli ziyarətçilər rəsmi açılış mərasimindən əvvəl – təxminən saat 10:30-da içəri buraxıldılar.
Çerasdan olan 56 yaşlı inzibati rəhbər Lim Jit Honq bildirib ki, mağazaların açılış kampaniyalarından yararlanmaq üçün təyin olunmuş vaxtdan iki saat əvvəl – səhər saat 9 radələrində ictimai nəqliyyatla məkana gəlib.
O, qəzetə müsahibəsində deyib: "Mən bura pulsuz toyuq üçün gəlmişəm! 'Nando's' ilk 118 müştəriyə dörddə bir hissə toyuğu pulsuz təklif edir. Həmçinin, 'Boost Juice'un açılış kampaniyalarından da yararlanmaq istəyirdim".
Həftəsonları yaxınlıqdakı "Stadium Merdeka"da qaçışla məşğul olan dövlət qulluqçusu Maizatul Akma qeyd edib ki, ticarət mərkəzindəki, işıq effektləri ilə müşayiət olunan çoxsəviyyəli su qurğusu – "Raincloud" (Yağış buludu) daha əvvəl heç bir ticarət mərkəzində görmədiyi bir yenilikdir.
"Çox gözəl görünür", – deyən Maizatul, buraya tez-tez baş çəkəcəyini və həftəlik qaçışlarından sonra mütləq bura uğrayacağını əlavə edib.
Ticarət mərkəzinin diqqət çəkən məkanlarından biri də 4-cü mərtəbədə yerləşən, təbii işığı içəri buraxan 88 metrlik şüşə günbəz altındakı 20 000 kvadrat fut (təxminən 1858 kvadrat metr) sahəyə malik "The Atmosphere" adlı tədbir məkanıdır.
"The Rakyat Post" nəşrinin məlumatına görə, turistlərin marağını çəkəcək iki obyektin – qüllədəki "The View at 118" müşahidə meydançasının və "Merdeka" Tekstil Muzeyinin ictimaiyyət üçün açılış tarixləri hələ müəyyən edilməyib.
Açılan mağazalar arasında Cənub-Şərqi Asiyada ikinci müstəqil butiki üçün məhz bu ticarət mərkəzini seçən "Lindt", "Decathlon"un flaqman mağazası və "SOGO" univermaqlar şəbəkəsinin gənclərə yönəlmiş konsepti olan "SOGO118" də var. 3-cü mərtəbədə yerləşən, stalaktit üslubunda işıqlandırma və girişində real ölçülü Malay pələng heykəli olan kristal mağara mövzulu tualet, şəklini çəkmək üçün gözləyən ziyarətçilərin növbələrini çəkdi.
Hündür Binalar və Şəhər Yaşayışı Şurasının məlumatına görə, Merdeka 118 678,9 metr hündürlükdədir və bu, yalnız Dubayın 828 metrlik Burj Xəlifəsindən sonra ikinci yerdədir. Maybank qərargahını ora köçürdükdən sonra iyul ayında adı Menara Merdeka Maybank olaraq dəyişdirildi.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:34


























