mobil versiya

Brus Uillis demensiya səbəbindən yeni sağlamlıq problemləri ilə üzləşir




Hollivud döyüş filmlərinin əfsanəsi Brus Uillis nitqə, davranışa və şəxsiyyətə təsir edən, müalicəsi olmayan degenerativ beyin xəstəliyi – frontotemporal demensiya (FTD) ilə mübarizəsinin irəliləmiş mərhələsindədir. Bu xəstəlik onun aktyorluq karyerasını bitirməsinə və ictimai həyatdan uzaqlaşmasına səbəb olub.

Britaniyanın "Daily Mail" qəzetinin məlumatına görə, ailəyə yaxın mənbələr bildiriblər ki, 71 yaşlı aktyor hazırda özünün bir mərtəbəli şəxsi evində, gecə-gündüz tibbi nəzarət altında yaşayır. Aylıq xərcləri 30 000 dollardan çox olan bu qulluq xidmətinin ödənişini həyat yoldaşı Emma Heminq, aktyorun karyerası ərzində qazandığı sərvət hesabına həyata keçirir.

Mənbənin sözlərinə görə, aktyor hazırda "öz dünyasında" yaşayır və zehni geriləməsinin miqyasının tam fərqində deyil. O, əvvəlki canlı və enerjili halından çox sakit bir insana çevrilib; söz tapmaqda və fikrini ifadə etməkdə böyük çətinlik çəkir. Həmçinin, uşaqlıq dövründə yaşadığı və nəzarət edə bilmədiyi kəkələmə problemi yenidən ortaya çıxıb.

Həyat yoldaşı Emma, ​​qızları və keçmiş həyat yoldaşı, aktrisa Demi Murun göstərdiyi güclü ailə dəstəyinə baxmayaraq, yazıda kədərli bir məqama da toxunulub: Hollivuddakı dostlarının əksəriyyəti o, filmlərdə çəkilməyi dayandırdıqdan sonra ondan uzaqlaşıblar.

Təcrid olunmuş vəziyyətdə yaşamasına baxmayaraq, ailəsi onun ətrafında şən bir mühit yaratmağa çalışır. Onlar aktyora hələ də zövq verən sadə məşğuliyyətlərlə – məsələn, Nil Daymondun mahnılarına qulaq asmaq, avtomobillə gəzintiyə çıxmaq və dondurma yeməklə – onun həyatını rəngləndirməyə, aralarında qalan səmimi sevgi və bağlılıq anlarını qoruyub saxlamağa səy göstərirlər.

Reportyor.az 




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 11:39