Pizza: uşaqların sevimli yeməyi, lakin sağlamlıq üçün risklər daşıyır

Valideynlər çox vaxt pizzaya üzərində təbii pomidor sousu, bibər və ya zeytun dilimləri, həmçinin bir az faydalı pendir olan bir növ sendviç kimi baxırlar.
İlk baxışdan zərərsiz və inandırıcı görünən bu təsəvvür, əslində, ciddi bir qidalanma tələsidir. ABŞ-ın İllinoys Universitetinin tədqiqatçıları tərəfindən aparılan və "Pediatrics" jurnalında dərc olunan bir araşdırma bu təhlükənin miqyasını ortaya qoyub.
Araşdırma göstərir ki, pizza gənclərin qidalanma rasionunda enerji mənbəyi kimi ikinci yerdədir; gənclərin təxminən 20%-i onu hər gün yeyir. Əsas təəccüblü məqam valideynlərin pizzanı "yüngül qəlyanaltı" hesab etməsi ilə, onun bir diliminin uşağın orqanizminə verdiyi real təsir arasındakı böyük fərqdir. Uşaqlar və yeniyetmələr pizza yedikləri günlərdə, yemədikləri günlərə nisbətən kalori, doymuş yağ və natrium qəbulu kəskin şəkildə artır. Yeniyetmələr üçün isə pizza, onların gündəlik ümumi kalori qəbulunun dörddə birindən çoxunu təşkil edir.
Valideynlərin ən böyük səhvi, pizzanın tərkibindəki məhsulların nə dərəcədə emal olunmuş (işlənmiş) olduğunu nəzərdən qaçırmalarıdır. İstifadə olunan pendirlər, geniş yayılan fikrin əksinə olaraq, sadəcə təmiz kalsium mənbəyi deyil. Bunlar əsasən doymuş yağ və yüksək miqdarda duzdan ibarət olub, uşağın ehtiyac duyduğundan qat-qat artıq miqdardadır.
Sənaye üsulu ilə istehsal olunan pomidor souslarına dadı gücləndirmək üçün tez-tez əlavə şəkər və konservantlar qatılır. Xəmir isə qan şəkərini çox sürətlə yüksəldən, lakin uşağın toxluq hiss etməsinə kömək edəcək liflərdən tamamilə məhrum olan ağ undan hazırlanır.
Valideynlər pizzanı sadəcə "yüngül bir qəlyanaltı" hesab edib, əsas yeməklər arasında uşaqlara təqdim etdikdə problem daha da ciddiləşir. Araşdırma göstərir ki, bu, kalori qəbulunu 200-365 kalori artırır, üstəlik, uşaqlar növbəti yeməkdə daha az yeyərək bu artıqlığı kompensasiya etmirlər.
Qidalanma mütəxəssisləri bildirirlər ki, bu yanlış təsəvvürü aradan qaldırmaq üçün valideynlər hazır (sənaye istehsalı olan) pizzaya tam və sağlam bir yemək kimi baxmaqdan əl çəkməli və onu evdə hazırlamağa başlamalıdırlar. Bu, tam taxıl unundan istifadə etmək, pendir miqdarını azaltmaq və təzə, emal olunmamış tərəvəzlərə üstünlük vermək deməkdir. Beləliklə, uşaqları erkən yaşda piylənmə və ürək xəstəliklərinə aparan yoldan qorumaq mümkün olar.
Reportyor.az
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 15:03


























