mobil versiya

Şərab qalmaqalı ilə bağlı şirkət rəhbərindən açıqlama: "Ermənilərdən qalıb" - Foto



"Xankəndi Xindoqnı" markalı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində "Armenian Wine" (erməni şərabı) yazılmasına aydınlıq gətirilib.

Məsələ ilə bağlı "Gold Alko" MMC-nin təsisçisi və direktoru Mirdamət Mahmudov açıqlama verib.
O bildirib ki, sözügedən şərablar Xocalı şəhərində ermənilərin keçmiş "Girs" şərab zavodunun istehsalıdır:
"Qarabağda qalmış məhsullar səlahiyyətli qurumlar tərəfindən müvafiq müqavilələrlə rəsmi qaydada şirkətə təhvil verilib".
M.Mahmudovun sözlərinə görə, həmin zavodda ümumilikdə 340 min etiketsiz butulkada şərab qalmışdı. Məhsullar müharibə zamanı ərazidən çıxarıla bilməyib və zavodun anbarlarında saxlanılıb.
Onun sözlərinə görə, Xankəndidən altı növ üzüm şərabı gətirilib və məhsulların hər biri fərqli etiketlərlə satışa çıxarılıb.
M.Mahmudov bildirib ki, "Xankəndi Xindoqnı" adındakı Xindoqnı üzüm sortunun adıdır. O, vurğulayıb ki, şirkətin Qaradağ rayonunda şərab zavodu fəaliyyət göstərir və məhsulların satışı qanunvericiliyə uyğun həyata keçirilir.
Şirkətin təqdim etdiyi yazılı açıqlamada da "Xankəndi Xindoqnı", "Xankəndi Bayanşirə", "Xankəndi Şiraz" və "Xankəndi Rozə" markalı şərabların keçmiş "Girs" şərab zavodunun istehsalı olduğu bildirilib:



"Məhsullar Azərbaycan Respublikasının səlahiyyətli qurumları tərəfindən müvafiq müqavilələrlə şirkətə təqdim edilib. Bu barədə məlumatlar şərabların arxa etiketlərində də əks olunub. Məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qurumu və laboratoriyası tərəfindən yoxlanılıb, tələb olunan norma və standartlara uyğun olduğu müəyyənləşdirildikdən sonra satışa çıxarılıb". (Oxu.Az)


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:04