mobil versiya

Pakistan Səudiyyə Ərəbistanını müdafiə etmək üçün "istənilən addımı atmağa" hazırdır – ISPR rəhbəri






Pakistan Silahlı Qüvvələri Səudiyyə Ərəbistanını müdafiə etmək üçün "istənilən addımı atmağa" hazır olduqlarını bəyan edib; ordunun baş sözçüsü İslamabadın Ər-Riyadın təhlükəsizliyinə dair öhdəliyinin "şərtsiz" olduğunu bildirib.

"Pakistan həm diplomatik, həm də fiziki cəhətdən Səudiyyə Ərəbistanı Krallığının tam yanındadır", – deyə Silahlı Qüvvələrin İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) Baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri cümə axşamı "Arab News"a verdiyi müsahibədə bildirib.

Onun bu açıqlamaları Yəməndəki Husi silahlı qruplaşmasının Səudiyyə şəhərlərinə hücumları və Yaxın Şərqdə genişlənən müharibənin qlobal neft təchizatına yeni təhlükələr yaratdığı bir vaxtda səslənib.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi bildirib ki, ölkənin qərbindəki Taif şəhəri üzərində ələ keçirilən pilotsuz uçuş aparatının (PUA) qalıqları nəticəsində orada yaşayan bir yəmənli həlak olub. Bu, ötən həftə döyüşlərin şiddətlənməsindən bəri Husilərin davamlı hücumları zamanı Ər-Riyadın açıqladığı ilk ölüm halıdır; bundan əvvəl 80-dən çox insanın yaralandığı bildirilmişdi.

ISPR rəhbəri Pakistanın Səudiyyə Ərəbistanı qarşısındakı öhdəliyinin Məkkə və Mədinənin qorunmasını da əhatə etdiyini vurğulayaraq, "Biz orada Hərəmeyn-i Şərifeyni (iki müqəddəs məscidi) qorumaq üçün mövcuduq" deyib.

"Bu məsələdə heç bir şübhə olmamalıdır", – deyə bildirən Çaudri əlavə edib ki, Pakistan Səudiyyə Ərəbistanını istənilən təcavüzə qarşı müdafiə etməyə davam edəcək.

General-leytenant Çaudri İslamabadın Krallığın təhlükəsizliyinə dair öhdəliyinin "şərtsiz" olduğunu qeyd edərək, bunun iki dövlət arasında "emosional, köklü, tarixi və sarsılmaz bir bağdan" irəli gəldiyini bildirib.

Regional vəziyyəti və Pakistanın Yaxın Şərqdə sülh səylərini şərh edən hərbi sözçü qeyd edib ki, İslamabad münaqişənin "danışıqlar yolu ilə və sülhçül həllini" tapmaq məqsədilə region ölkələri ilə əlaqə saxlayır.

ABŞ və İsrailin 28 fevralda İrana qarşı koordinasiyalı hücumlar həyata keçirməsindən sonra Pakistan Yaxın Şərq münaqişəsində əsas vasitəçi kimi çıxış etməyə başlayıb.

Zərbələrə cavab olaraq Tehran Körfəzdəki ABŞ hərbi bazalarına qarşı cavab hücumları təşkil edib və Hörmüz boğazını bağlayıb, eyni zamanda Hizbullah İsrailə hücumlara başlayıb.

Pakistanın vasitəçiliyi və dəstəyi ilə aylarla davam edən danışıqlardan sonra Vaşinqton və Tehran iyun ayında İslamabad Anlaşma Memorandumunu (MoU) imzalayıblar. ISPR rəhbəri bildirdi ki, İslamabad Anlaşma Memorandumu regiondakı mövcud vəziyyətdən çıxış üçün yeganə real yolu təklif edən "konsensus sənədi"dir.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:48