mobil versiya

İmran Xanın iki bacısı 50 günlük həbsdən sonra azadlığa buraxılıb






"Pakistan Tehreek-e-Insaf" (PTI) partiyasının qurucusu İmran Xanın bacıları Norin Niyazi və Uzma Xan, "İctimai Asayişin Qorunması" (MPO) qanunu əsasında 50 gün həbsdə qaldıqdan sonra cümə axşamı günü azadlığa buraxılıblar.

Bu barədə "Kot Lakhpat" həbsxanasının rəisi Çaudri İcaz Əsgər "The Express Tribune" nəşrinə məlumat verib.

Əsgər bildirib ki, Norin və Uzma azadlığa buraxıldıqdan sonra Norinin qızı Həcər Niyaziyə təhvil veriliblər.

Bu arada, Alima Xan "Kot Lakhpat" həbsxanasında saxlanılmaqda davam edir.

Vəkilinin sözlərinə görə, oktyabrın 28-də, həbsdə olduğu müddətdə səhhətinin pisləşməsi səbəbindən Norin Lahordakı Pəncab Kardiologiya İnstitutuna (PIC) yerləşdirilib.

Onun vəkili Rana Mudassar Ömər "X" sosial şəbəkəsində yazıb: "Norin həbsxanada səhhətinin pisləşməsi səbəbindən Pəncab Kardiologiya İnstitutuna köçürülüb".

O iddia edib ki, onun xəstəxanaya köçürülməsi barədə ailə üzvlərinin heç birinə məlumat verilməyib.

Oktyabrın 26-da Lahor Ali Məhkəməsi (LHC) İmranın üç bacısının azadlığa buraxılması ilə bağlı vəsatətə baxılmasına xitam verib; buna səbəb Pəncab hökumətinin onların həbs müddətinin daha 30 gün uzadıldığını təsdiqləməsi olub.

Oktyabrın 22-də Lahor Ali Məhkəməsi, 30 günlük həbs müddətinin bitməsinə baxmayaraq İmranın bacılarının hələ də həbsdə saxlanılması ilə əlaqədar Pəncab Daxili İşlər Katibini və "Kot Lakhpat" həbsxanasının rəisini məhkəməyə çağırıb.

Sentyabrın 25-də məhkəmə həmin mərhələdə Uzma və Norinə qarşı həbs qərarlarının icrasını dayandırmaqdan imtina edib və müvafiq orqanlardan izahat tələb edib.

Üç bacı sentyabr ayında, PTI-nin İslamabada doğru planlaşdırdığı etiraz yürüşünə hazırlaşdığı bir vaxtda, 1960-cı il tarixli Pəncab MPO (İctimai Asayişin Qorunması) Qanununun 3-cü maddəsinə əsasən saxlanılmışdılar. Alima sentyabrın 20-də, Uzma və Norin isə sentyabrın 21-də həbs ediliblər. Onların ilkin həbs qərarları 30 gün müddətinə verilmişdi. Sərəncamların müddəti sonradan daha 30 günə uzadıldı.

Lahorun səlahiyyətli nümayəndəsi (deputy commissioner) 30 günlük həbs qərarları verdi. Qərarlarda, qadınların fəaliyyətinin ictimai təhlükəsizliyə və ictimai asayişin qorunmasına təhdid yaratdığını iddia edən polis hesabatlarına istinad edilirdi.

Daha sonra bacılar həbs qərarlarına qarşı Lahor Ali Məhkəməsində (LHC) etiraz edərək, həmin qərarların ləğv olunmasını və dərhal azadlığa buraxılmalarını tələb etdilər.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:32