mobil versiya

Malayziya adası 25 dünya şəhərini geridə qoyaraq, rəqəmsal köçərilər üçün ən ucuz məkan seçilib





Malayziyanın Penang adası, kirayə haqqı da daxil olmaqla aylıq təxmini 950 dollar yaşayış xərci ilə, dünyanın 26 şəhəri arasında rəqəmsal köçərilər (digital nomads) üçün ən sərfəli məkan elan edilib.

Ada, "Click Intelligence" rəqəmsal marketinq agentliyinin apardığı və 15 ölkədən 26 şəhərin yaşayış xərcləri, internet bağlantısı, təhlükəsizlik və viza əldə etmə imkanları əsasında qiymətləndirildiyi araşdırmada birinci yeri tutub.

ABŞ-ın şəxsi maliyyə saytı "Moneywise" tərəfindən oktyabr ayında dərc edilən məlumatlara görə, Penang 1 üzərindən 0,78 ümumi bal toplayıb. Bu göstərici ilə o, Cənubi Koreyanın Busan (0,72 bal) və Malayziyanın paytaxtı Kuala Lumpur (0,59 bal) şəhərlərini geridə qoyub.

İlk beşliyi Yaponiyanın Fukuoka və Cənubi Koreyanın Seul şəhərləri tamamlayıb. İlk onluqda qalan yerləri isə Estoniyanın Tartu, Taylandın Çianq May, İspaniyanın Valensiya, Yaponiyanın Osaka və Çexiyanın Brno şəhərləri tutub.

Araşdırmaya əsasən, bir nəfərin Penangda yaşaması üçün (kirayə haqqı daxil olmaqla) ayda təxminən 850 avro (950 dollar) kifayətdir. Şəhər mərkəzinə yaxın ərazidə bir yataq otaqlı mənzilin orta aylıq kirayə haqqı 393 avro təşkil edir; bu da qida, nəqliyyat, internet və digər xərclər üçün təxminən 457 avro vəsaitin qalması deməkdir.

Müqayisə üçün qeyd edək ki, aylıq yaşayış xərcləri Kuala Lumpurda təxminən 1100 avro, Valensiyada isə 1700 avro təşkil edir.

Penang yalnız aşağı yaşayış xərcləri ilə deyil, həm də Malayziyadakı internet infrastrukturu və "DE Rantau Nomad Pass" proqramı ilə diqqət çəkir. Bu proqram, müvafiq meyarlara cavab verən əcnəbi məsafəli işçilərə ölkədə 12 ay müddətinə qalmağa (müddəti uzatmaq imkanı ilə) icazə verir. Tədqiqatçılar məkanları qiymətləndirərkən həmçinin internet istifadəsi, genişzolaqlı internet abunəlikləri və qəsdən adam öldürmə hallarının səviyyəsi kimi amilləri də nəzərə alıblar.

"Malay Mail" qəzetinin məlumatına görə, "Click Intelligence" şirkətinin həmtəsisçisi və direktoru Ceyms Ouen bildirib ki, Penangın cəlbediciliyi yalnız aşağı yaşayış xərcləri ilə məhdudlaşmır. O, adada ingilis dilinin geniş yayılmasını, mədəni görməli yerləri, həmçinin kafelər və "kovorkinq" (birgə iş) məkanlarından ibarət inkişaf etmiş şəbəkəni xüsusi vurğulayıb.

Bu reytinq, Malayziyanın məsafəli işçilər üçün əlverişli bir məkan kimi tanınmağa başladığı bir dövrə təsadüf edir. Bu ayın əvvəlində yayımlanan ayrı bir hesabata əsasən, ölkə immiqrasiya məsləhət xidmətləri göstərən "Passportivity" şirkətinin tərtib etdiyi "2026-cı il Rəqəmsal Köçəri Vizası İndeksi"ndə dünyada beşinci, Asiyada isə birinci yeri tutub.

Reportyor.az 



BANNER / KARUSEL / DÜNYA
Tarix: Bu gün, 18:03