Mərakeş Kralı 12-ci çağırış parlamentin birinci qanunvericilik ilinin ilk sessiyasının açılışına sədrlik edib

Mərakeş Kralı VI Məhəmməd, Vəliəhd Şahzadə Mulay Əl-Həsən, Şahzadə Mulay Rəşid və Şahzadə Mulay Əhmədin müşayiəti ilə, 12-ci çağırış parlamentin birinci qanunvericilik ilinin ilk sessiyasının açılışına sədrlik edib.
Krallığın yerli mediası bu barədə xəbər verir.
Kral Həzrətləri Parlamentin hər iki palatasının üzvləri qarşısında çıxış edərək, bu qanunvericilik dövrünün çox xüsusi bir məqama təsadüf etdiyini və müxtəlif sahələrdə əldə edilmiş nailiyyətlərin üzərində daha da inkişaf etmək üçün unikal imkanlar yaratdığını vurğuladı.
Bu kontekstdə Kral, yeni qanunvericilik və hökumət dövrünün Mərakeşin yüksələn və etibarlı iqtisadi gücə çevrilmək ambisiyası üçün əsl dönüş nöqtəsi olması lazım olduğunu qeyd etdi. O, iqtisadi artım ilə daha geniş sosial və ərazi bərabərliyi arasında tarazlığın qorunmasının vacibliyini xüsusi vurğuladı. Zati-aliləri Kral qeyd etdi ki, Mərakeş tarixdəki ən qədim monarxiyalardan biri olan mötəbər bir monarxiya bayrağı altında birləşmiş, dünyanın ən qədim dövlətlərindən biridir. O əlavə etdi ki, "Möminlərin Əmiri" (Əmir əl-Möminin) statusunun himayəsi altında mərakeşlilər "müxtəlif tərkib hissələri ilə zənginləşmiş özünəməxsus mədəni kimlikləri" ilə haqlı olaraq fəxr edə bilərlər.
Daha sonra Zati-aliləri Kral, Krallığın strateji ehtiyatlar sahəsindəki imkanlarının inkişaf etdirilməsini sürətləndirmək və əsas tələbat malları ilə təchizatı təmin etmək barədə çağırışını bir daha təkrarladı.
Bu xüsusda, Kral özəl sektoru fəallaşmağa və Krallığın inkişaf transformasiyasında strateji tərəfə çevrilməyə, həmçinin daha çox təşəbbüskarlıq və innovativ ruh nümayiş etdirməyə, iş yerləri yaratmaq, investisiya qoymaq və ixrac etmək potensialını artırmağa dəvət etdi. O, həmçinin gənclərlə bağlı məsələlərin dövlət siyasətində və idarəetmə orqanlarının gündəliyində ön planda olduğunu vurğuladı.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:51


























