Tayland fəalın həbs müddətini 34 ildən çox müddətə qədər uzadıb

İnsan hüquqları qrupunun məlumatına görə, cümə günü Tayland məhkəməsi 2020-ci il etirazlarının liderlərindən birini daha iki il müddətinə həbs cəzasına məhkum edib. Bununla da onun ümumi həbs müddəti 34 ili ötüb.
İnsan hüquqları üzrə vəkil Arnon Nampa, Tayland kral ailəsini tənqiddən qoruyan, lakin tənqidçilərin fikrincə, müxalif səsləri susdurmaq üçün istifadə olunan sərt "kral ailəsinə hörmətsizlik" (lese majeste) qanunu əsasında yeni ittihamla təqsirli bilinib.
Arnon 2020-ci ildə on minlərlə insanın küçələrə çıxdığı, hərbçilər tərəfindən hazırlanmış konstitusiyada və monarxiya sistemində islahatlar tələb etdiyi, gənclərin rəhbərlik etdiyi etiraz aksiyaları zamanı tanınıb.
42 yaşlı fəal, etiraz aksiyaları və sosial şəbəkə paylaşımları ilə əlaqədar kral ailəsinə hörmətsizlik etməkdə təqsirli bilinərək 2023-cü ildən bəri həbsdədir.
"Tayland İnsan Hüquqları Vəkilləri" (Thai Lawyers for Human Rights) adlı təşkilatın Facebook-dakı paylaşımına əsasən, Arnon və daha dörd nəfər "kral ailəsinə hörmətsizlik" qanunu əsasında iki il səkkiz ay müddətinə azadlıqdan məhrum ediliblər.
Arnonun vəkili Krisadanq Nutçarut hökmü AFP agentliyinə təsdiqləyərək bildirib ki, ittihamlar 2020-ci ildə "Siam Commercial Bank"ın baş ofisi qarşısında keçirilən etiraz aksiyası ilə bağlıdır.
Krisadanq qeyd edib ki, cümə günü məhkum edilən beş nəfərdən üçü onsuz da kral ailəsinə hörmətsizliklə bağlı başqa işlərə görə həbs cəzası çəkirdilər. O əlavə edib ki, bununla da Arnonun cəzalarının cəmi 34 ili keçib.
"Artıq aydındır ki, bu qanun müxaliflərə qarşı istifadə olunan siyasi bir alətə çevrilib", - deyə o, AFP-yə bildirib.
Krisadanqın sözlərinə görə, Arnon Taylandın ən qədim bankı olan "Siam Commercial Bank"dakı səhmlərin "Kral Əmlak Bürosu"ndan (Crown Property Bureau) köçürülməsi prosesində daha çox şəffaflıq tələb edirdi.
Bankın ana şirkəti olan "SCBx"in veb-saytındakı məlumata görə, Kral Vaçiralonqkorn 23,6 faizlik payla şirkətin ən böyük səhmdarıdır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:57


























