mobil versiya

Nə qədər qəribə səslənir: YAS YERİNDƏ YEMƏK



Xeyli müddətdir, yas mərasimləri və adətləri ilə bağlı bir yazı qələmə almaq istəyirdim. Nədənsə bir az tərəddüd edirdim.
Bu gün İzmirdə yas mərasimləri ilə bağlı bir məlumat oxudum. Artıq yas yerlərində yemək mərasimi olmayacaq. Elə ondan sonra da bu yazının zamanı olduğu qənaətinə gəldim.
Nə qədər qəribə səslənir: YAS YERİNDƏ YEMƏK...
Adından da göründüyü kimi yas mərasimidir. Hüzr sahibi ölüsünü ağlasın, dərdini çəksin, yoxsa gələnin qarnını doyursun?
Və masada da cibə uyğun hər şey olsun. Ən təmtəraqlı məclislərdə aşın turşu-qovurması,  səbzi-qovurması da, hələ bozartması da olur. Hər cür meyvə, şirniyyat da öz yerində...
Orta səviyyəli məclislərdə də aş-qara...
Ən maraqlı məclislər isə kənd yerlərində olur. Mütləq bozartma verməlisən, yoxsa arxanca yüz söz danışıb, ölü sahibi bir yana, mərhumu da urvatsız edirlər. İstehza ilə "xəsislik edib bozartma vermədi də" deyirlər.
Kimin üçündür bunlar? Ölü üçünmü, yoxsa?...
Heç yas məclislərində, özəlliklə 3-7-40 mərasimlərində iştirak edənlərin - özümüz də daxil - söhbətlərini xatırlayırsınızmı?
Hər şeydən danışırıq, ehsan verilən səhnəni göz önünə gətirsəniz, lap dəhşətli mənzərənin olduğunu bir daha xatırlayarıq. Heç nə olmamış kimi hamı elə iştahla yeyir ki...
"Nəzakətlə" ikinci, üçüncü boşqabı da  çəkir. Heç nə ölən, nə ev yiyəsi yada düşmür. Sadəcə yeyib-içəndən sonra dua verilir, qapıda hamının yadına düşür ki, Ölü sahibinə başsağlığı versin.

Axı niyə bu cür adətlər olmalıdır?
Məşhur el misalında deyildiyi kimi "Hər kəs bu məclislərdə öz ölüsünü ağlamırmı?"
Hələ qadın məclislərində mərsiyə deyənlər, məclisdəkiləri "ağladanlar" və s.
Kasıb da, varlı da, imkanlı, imkansız da bu adətlərin girovuna çevrilir. Adambaşına mərasim evlərində 15 manatdan tutmuş 50 manatadək menyu təqdim olunur. Sadə çadırdan VİP çadırlara kimi xidmətlər sunulur - bir günlük 800 manatdan 6000 manatadək.
Ölü yiyəsi kədərini, qəmini unudub, gələnləri necə yola salacağını, Məclisi necə təşkil edəcəyini, böyük əksəriyyət bu yas mərasimini hansı pulla keçirəcəyinin sancısını yaşayır. Heçmi şahidi olmamışıq ki, yas sahibi məclisdə yığılan pulun üstünü əli əsə-əsə cibindən çıxardığı son qəpiyi ilə düzəldib mərasim evlərinə, ya çadır quranlara verir? Mən hələ molla pulunu, nə bilim mərsiyyəçinin yola salınmasını demirəm. Əksər vaxt çatmayan vəsaiti bir neçə imkanlı qohum düzəldib verir.
Niyə axı?
Nədən biz bu cür xeyirsiz və mənasız adətlərə "yox" deyə bilmirik?
Kimlərsə bundan xeyir götürür, ona görəmi?
Axı bu adətin nə ölüyə, nə ölü sahibinə heç bir xeyri yoxdur.
Əksəriyyət artıq dəfn mərasimində iştirak etmək istəmir, 3-40 mərasimində iştirakı məqbul sayır. Bəzən ölü sahibi dəfndə 5-3 adamla qalır.
Molla dövlətdən məvacib alır, həm də yas sahibindən umur.
Mərasim evləri, çadır xidmətləri ölüm xəbərini və məclisləri az qala sevinclə qarşılayırlar.
Biri dərd çəkərkən, biriləri başqasının faciəsindən pul qazanır.
Yetər, 21-ci əsrdə bu cür mənasız "adətləri" durdurmalıyıq. 
Ölümüzü dəfn etmək üçün məhəlli və Mərkəzi məscidlər, onların isə müvafiq qaydada dövlət tərəfindən məvacib alan mollası, axundu var.
Meyid məsciddə yuyulub kəfənlənəndən sonra elə oradaca ölü sahibinə başsağlığı verilməli, qəbiristanlığa aparılıb dəfn edilməli, mərasim hissəsi bitməlidir.
Doğmalar, yaxınlar, dostlar da orda iştirak etməli, yas sahibinin dərdinə şərik olmalıdır. Daha 3-7-40 mərasimində kimsə yeyib içə-içə ölüyə və Məclis sahibinə aid olmayan söhbətlərlə ürək bulandırmamalı, əksər mollaların İran bayatılarını, nağıllarını dinləmək məcburiyyətində olmamalıdırlar.
Dəfndən sonra hər kəs evində, ailə üzvləri, evə gələ biləcək doğmalarla öz dərdini çəkməli, daha kimi necə qarşılayacağını və ya necə yedizdirəcəyini düşünməməlidir.
Dəfndə iştirak edə bilməyənlər qəbiristanlığa çələng göndərə, ya da rəsmi qəzetlərdə görünən yerlərdə mərhumun yaxınlarına başsağlığı verə bilər.
Baş daşlarının qoyulması da əslində bu qəbildəndir. İllərlə doğmasının qəbri üstünə getməyənlər, qonşudan geri qalmayaq deyə, borc-xərc 5-6 minə başdaşı düzəltdirir. Hansı mədəniyyətdən, dindən gəlir bu adət axı?
Adı, soyadı yazılsa, yetərli deyilmi?
Şəkillərini evdə saxlasaq, yad etsək, olmazmı?
Yox, biz gərək hamıya nümayiş etdirək ki, doğmamıza mərmərdən baş daşı qoydurmuşuq, ayaq üstdə, oturulu şəkillərini həkk etdirmişik o baş daşına. 
Sağlığında qiymət verin insanlara, etdikləriniz ölüyə hörmət üçün deyil, özünüzü hörmətə mindirmək üçündür.
Bu qədər sadə...
Yeri gəlmişkən, bir məsələ də olduqca narahatedicidir.
Uzun əsrlərdən bəri nəzir vermək, ziyarətgah yerlərində edilən ianələr də adətlərimizdən biridir. Kimin hansı niyyət və arzu ilə etməsinin fərqi yox, bu ənənə yüz illərdir yaşayır. Varsa, onu səmərəli yerə yönləndirmək lazımdır. Özəlliklə, yetimlər, qocalar evinə, digər xeyriyyəçilik işlərinə, həm də mütləq mərkəzləşdirilmiş və dövlətin rəsmi qurumunun vasitəsilə.
Qanunvericilik orqanı yeni qanun qəbul etməlidir. Həm də çox sərt və millətin gələcəyində bu tipli adətlərə yer olmaması üçün.
Dərdi də dərd kimi çəkməli, daha kimin nə yeyəcəyini düşünməməliyik.
Bəlkə kimlərsə adətlərdən yana bu yazıya qarşı çıxacaq, yersiz olduğunu deyəcək, amma Vallah, Billah 21-ci əsrdə belə adətlər sadəcə hamı üçün cəfadır.
P. S. Füzulidə (adını çəkmək istəmirəm, haqq dünyasındadır) bir ruhi xəstə var idi. Hansı kənddə, ya rayon mərkəzində yas olardısa, mütləq gedərdi. Adətən Füzuli məclislərində ehsana bozartma verirlər. Bu ruhi xəstənin dişi olmadığına görə ayrıca ona dolma bişirərdilər.
Onun dolması hazır olmazdısa, nə ölü qalardı, nə diri, hörmətsiz edib gedərdi.
Bax belə...
Ümid Partiyasının sədri İqbal Ağazadə




KARUSEL / YAZARLAR
Tarix: 22-05-2024, 12:07