Səfirlik Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə bəyanat yayıb

Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə Fələstin Dövlətinin Bakıdakı Səfirliyi Fələstin xalqınıın müdafiəsi və işğala son qoyulması üçün əməli addımlar atmağa çağırır.
Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyi Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə vurğulayır ki, beynəlxalq həmrəylik xalqımızın müdafiəsi və onun öz torpağında azad və ləyaqətli yaşamasının təmin edilməsi üçün əməli addımlar atılmasını tələb edən məsuliyyətdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci ildə bu günü təsis etdikdən bəri noyabrın 29-u hər il Fələstin xalqının hüquqlarına beynəlxalq səviyyədə sadiqliyin yenidən təsdiqləndiyi və həmin hüquqların həyata keçirilməsi istiqamətində səylərin davam etdirildiyi tarixə çevrilmişdir.
Nəkbədən 78 il, 1967-ci ildə Fələstin torpaqlarının İsrail tərəfindən işğalının başlanmasından isə 59 il keçməsinə baxmayaraq, xalqımız həm vətəndə, həm də diasporada öz kimliyini və milli hüquqlarını müdafiə etməyi davam etdirir, qayıdış və öz müqəddəratını təyinetmə hüquqlarına qətiyyətlə bağlılığını qoruyur. Səfirlik vurğulayır ki, 1967-ci il iyunun 4-də mövcud olmuş sərhədlər daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin Dövlətinin yaradılması işğala son qoyulmasını, ilhaq, məskunlaşdırma və məcburi köçürmə siyasətlərinin dayandırılmasını, habelə Qəzza zolağı, İordan çayının qərb sahili və onun tərkibindəki Şərqi Qüds də daxil olmaqla Fələstin torpaqlarının ərazi bütövlüyünün qorunmasını tələb edir.
Qəzza zolağında Fələstin ailələri təkrarlanan bombardmanların, dəfələrlə didərgin düşmənin, eləcə də yaşayış evlərinin, xəstəxanaların, su təchizatı və kanalizasiya şəbəkələrinin dağıdılmasının ağır nəticələri ilə üz-üzədir. Noyabr ayında yağan güclü yağışlar sığınacaq yerlərini su altında qoyaraq çadırları yararsız hala salmış və köçkünlərin iztirablarını daha da artırmışdır. Bir çox ailə sığınacaq çatışmazlığı, ərzaq, içməli su və tibbi xidmətlərə çıxışda ciddi çətinliklər şəraitində qış fəslini qarşılayır. Səfirlik atəşkəsə riayət edilməsinə, mülki şəxslərin və humanitar yardım işçilərinin müdafiəsinə, humanitar yardımların müntəzəm və maneəsiz çatdırılaraq paylanmasının təmin olunmasına, yenidənqurma işlərinə dəstək verilməsinə, habelə köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına çağırır.
İşğal altındakı İordan çayının qərb sahilində İsrailin hərbi əməliyyatları, məskunlaşanların hücumları, evlərin sökülməsi və hərəkət azadlığına qoyulan məhdudiyyətlər Fələstin ailələrinin didərgin düşməsinə və dolanışıq imkanlarının sarsıdılmasına səbəb olur. İşğal altındakı Şərqi Qüdsdə isə evlərin sökülməsi və məcburi boşaldılması siyasəti Fələstin ailələrini evlərini itirmək təhlükəsi ilə üz-üzə qoyur, məskunlaşma ərazilərinin genişləndirilməsi şəhərin ətrafındakı Fələstin ərazilərindən təcrid olunması riskini artırır. Səfirlik bu əməllərə son qoyulmasına, hüquq pozuntularına görə məsuliyyət daşıyan şəxslərin cavabdehliyinin təmin edilməsinə, İslam və Xristian müqəddəs məkanlarının mövcud tarixi və hüquqi status-kvosunun qorunmasına, həmçinin ibadət azadlığının və həmin məkanlara sərbəst girişin təmin edilməsinə çağırır.
Səfirlik dövlətləri və beynəlxalq təşkilatları Fələstin xalqını dəstəkləyən mövqelərini mülki şəxslərin müdafiəsini, hüquq pozuntularına görə məsuliyyət daşıyanların beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb edilməsini və Birləşmiş Millətlər Təşkilatının qərarlarının icrasını təmin edən konkret tədbirlərə çevirməyə çağırır. Eyni zamanda, işğala son qoyulmasına və Fələstin xalqının ayrılmaz hüquqlarını, ilk növbədə, öz müqəddəratını təyinetmə hüququnu və fələstinli qaçqınların öz yurdlarına qayıtmaq hüququnu həyata keçirməsini təmin edən ədalətli və davamlı sülhün bərqərar olmasına yönəlmiş diplomatik səylərin dəstəklənməsinə çağırır.
Fələstin Dövlətinin Səfirliyi regional və beynəlxalq platformalarda Fələstin xalqının hüquqlarına və iki dövlətli həll yoluna dəstək verən mövqeyinə görə Azərbaycan Respublikasının rəhbərliyinə, hökumətinə və xalqına minnətdarlığını bildirir. Səfirlik iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və regionda ədalətli və davamlı sülhün bərqərar olmasına yönəlmiş beynəlxalq səylərin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasındakı tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək əzmində olduğunu bir daha təsdiqləyir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:50


























