Şahbaz Şərif Pakistanın ilk astronavtını daşıyan tarixi "Shenzhou-24" missiyası münasibətilə Çini təbrik edib

Çin Xalq Respublikasının Pakistandakı səfiri Cen Zaydun bu gün Baş Nazir iqamətgahında Baş Nazir Məhəmməd Şahbaz Şəriflə görüşüb.
Bu barədə Pakistan yerli mediası xəbər verir.
Baş nazir səfiri, həmçinin Çin rəhbərliyini və xalqını, 25 noyabr tarixində Ciuquan Peyk Buraxılış Mərkəzindən uğurla start götürən və Pakistanın ilk astronavtı Məhəmməd Zişan Əlini "Tyanqun" (Tiangong) Kosmik Stansiyasına aparan "Shenzhou-24" missiyası münasibətilə səmimiyyətlə təbrik edib.
O, Pakistanın bu tarixi missiyada iştirak etmək imkanı yaratdığına görə qardaş ölkə Çinə minnətdar olduğunu vurğulayıb. Bu missiya sayəsində bir pakistanlı, Çinin kosmik stansiyasına səfər edən ilk xarici astronavt olub.
Baş Nazir bildirib ki, bu, sadəcə bir astronavtın deyil, 240 milyon pakistanlının səyahətidir və xüsusilə ölkə gənclərinin, elmi ictimaiyyətin arzu və istəklərini özündə əks etdirir.

O, bu missiyanı Pakistan və Çin arasındakı sarsılmaz dostluğun canlı sübutu kimi xarakterizə edərək, iki ölkə arasındakı əməkdaşlığın artıq sözün əsl mənasında ulduzlara çatdığını qeyd edib.
Baş Nazir pakistanlı astronavtların hazırlanmasındakı xidmətlərinə görə Çinin müvafiq qurumlarına təşəkkürünü bildirib, həmçinin bu tarixi nailiyyətə töhfə verdiklərinə görə SUPARCO-ya (Pakistan Kosmik və Yuxarı Atmosfer Tədqiqatları Komissiyası), akademik qurumlara, alimlərə və Silahlı Qüvvələrə yüksək qiymət verib.
O qeyd edib ki, bugünkü nailiyyət Pakistan gənclərini Aya və ondan da uzaqlara hədəfləməyə ruhlandıracaq.
Baş Nazir səfirdən səmimi salamlarını və xoş arzularını Prezident Si Tsinpinə və Baş nazir Li Çyana çatdırmasını xahiş edib. O, Prezident Si Cinpinin dinamik rəhbərliyini və uzaqgörən baxışlarını xüsusi vurğulayıb; məhz bu rəhbərlik sayəsində Çin elm, texnologiya və kosmosun tədqiqi sahəsində böyük uğurlar qazanıb, həmçinin bəşəriyyətin rifahı naminə öz kosmik proqramını dost ölkələr üçün açıq elan edib.

O, Pakistanın xarici kosmosun dinc məqsədlərlə tədqiqi və istifadəsi istiqamətində Çinlə çiyin-çiyinə çalışmaq əzmində qətiyyətli olduğunu vurğulayıb. Tərəflər həmçinin ikitərəfli münasibətləri, o cümlədən bu il diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümü münasibətilə təşkil olunan tədbirləri nəzərdən keçirdilər.
Baş nazir, eyni zamanda, Sədr Si Cinpinə və Baş nazir Li Çyana ünvanlanmış təbrik məktublarını Çin səfirinə təqdim edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:47


























