mobil versiya

Zimbabve məhkəməsi Robert Muqabenin oğlu barəsində həbs qərarı çıxarıb






Zimbabvedə məhkəmə, çərşənbə axşamı keçirilməli olan növbəti məhkəmə iclasına gəlmədiyi üçün Bellarmine Çatunqa Muqabe barəsində həbs qərarı çıxarıb.

Ölkənin mərhum keçmiş prezidenti Robert Muqabenin ən kiçik oğlu bu ayın əvvəlində daha dörd nəfərlə birlikdə həbs edilmişdi.

Onlar dəbdəbəli avtomobillərin qaçaqmalçılığı ilə bağlı aparılan araşdırma zamanı polis əməkdaşına hücum etməkdə ittiham olunurlar.

Daha sonra qrupa qarşı soyğunçuluq və əmlaka qəsdən ziyan vurma ittihamları da irəli sürülüb. Onlar hələ ki, özlərini təqsirli bilib-bilmədikləri barədə ifadə verməyiblər.

Onunla birlikdə ittiham olunan digər dörd nəfər məhkəməyə gəlib və işin davam etdiyi müddətdə – 10 dekabr tarixinə qədər – həbsdə saxlanılmaları barədə qərar qəbul edilib.

Çatunqa illərdir ki, dəbdəbəli həyat tərzi, bahalı avtomobilləri və qanunla tez-tez yaşadığı problemlərlə ictimaiyyətin diqqət mərkəzində olub.

Bu ilin aprel ayında o, qonşu Cənubi Afrika Respublikasında odlu silah tuşlamaq və ölkədə qanunsuz yaşamaq faktlarını etiraf etdikdən sonra oradan deportasiya edilib.

O, Muqabe ailəsi ilə əlaqəli bir məkanda 23 yaşlı bir gəncin güllələnməsindən sonra həbs olunmuşdu.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, məhkəmə onu 34 000 dollar cərimələyib və dərhal Zimbabveyə deportasiya edilməsi barədə qərar çıxarıb.

Robert Muqabe 37 il Zimbabveni idarə etdikdən sonra, 2017-ci ildə, 93 yaşında hakimiyyətdən uzaqlaşdırılıb. O, 2019-cu ildə vəfat edib.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:29