Rusiya Əfqanıstana 200 milyon dollar dəyərində mal tədarük etməyə razılaşıb

Rusiya Ticarət və Sənaye Palatası nəzdindəki Əfqanıstanla Əməkdaşlıq üzrə İşgüzar Şuranın rəhbəri Dmitri Antonovun sözlərinə görə, Kabulda keçirilən Rusiya-Əfqanıstan biznes forumundan sonra tərəflər Əfqanıstana 200 milyon dollara qədər dəyərdə Rusiya məhsullarının tədarükü ilə bağlı razılaşmalar əldə ediblər.
TASS agentliyinə açıqlama verən Antonov bildirib ki, bu razılaşmalar Rusiyanın baş nazir müavini Aleksey Overçukun Kabula səfəri çərçivəsində təşkil olunan forum zamanı əldə olunub.
O qeyd edib ki, İşgüzar Şura həmçinin Overçukun Əfqanıstan hökuməti ilə Avrasiya İqtisadi Komissiyası arasında texniki tənzimləmələr və standartlar sahəsində birbaşa əlaqələrin qurulması təklifini dəstəkləyib.
Antonovun sözlərinə görə, belə bir əməkdaşlıq iki ölkə arasında ticarətlə məşğul olan şirkətlərin üzləşdiyi praktiki məsələlərin həllinə kömək edəcək.
Noyabrın 12-də Kabula işgüzar səfəri zamanı Overçuk Əfqanıstanın baş naziri, baş nazir müavini və xarici işlər naziri ilə danışıqlar aparıb.
Rusiyanın baş nazir müavininin məlumatına görə, Rusiya şirkətləri həmçinin Əfqanıstana taxıl, un, dərman vasitələri və elektrik avadanlıqlarının tədarükü ilə bağlı əhəmiyyətli müqavilələr paketi imzalayıblar.
Bu razılaşmaların Moskva və Kabul arasında ticarət-iqtisadi əməkdaşlığı genişləndirəcəyi gözlənilir.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:47


























