Şahbaz Şərif Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi dörd nəfərlik nümayəndə heyəti bu gün İslamabadda Baş nazir Məhəmməd Şahbaz Şəriflə görüşüb.
Pakistan və Azərbaycan arasındakı qardaşlıq münasibətlərini vurğulayan Baş nazir, Azərbaycan Prezidentinə ən xoş arzularını çatdırıb və İslamabadda "Asan Xidmət" Mərkəzinin yaradılmasında Azərbaycanın göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib.
Baş nazir "Asan Xidmət" Mərkəzini əlamətdar bir təşəbbüs və mühüm ictimai xidmət müəssisəsi kimi səciyyələndirərək, onun vətəndaşlara müxtəlif dövlət xidmətlərinin vahid məkanda göstərilməsi baxımından mühüm irəliləyiş yaratdığını qeyd edib.

Baş nazir mərkəzin yaradılmasında və ictimai xidmətlərin göstərilməsi keyfiyyətinin daha da təkmilləşdirilməsi məqsədilə kənar auditin aparılmasında Azərbaycanın göstərdiyi mühüm dəstəyi yüksək qiymətləndirib. O, faktlara əsaslanan bu kənar auditin nəticələrinin xidmət keyfiyyətinin artırılmasına və hökumətin vətəndaşların gözləntilərini qarşılamasına töhfə verəcəyini vurğulayıb. Baş nazir hesabatda təkmilləşdirilməyə ehtiyacı olduğu qeyd edilən bütün sahələrin prioritet qaydada nəzərdən keçirilməsi barədə tapşırıq verib.
Baş nazir ölkə üzrə yaradılacaq bütün "Asan Xidmət" mərkəzlərində xidmət standartlarının təmin edilməsinə cavabdeh olacaq "Asan Xidmət" İdarəsinin (Authority) təsis edilməsi barədə göstəriş verib. O, həmçinin aidiyyəti qurumlara Pakistanın müxtəlif əyalətlərində "Asan Xidmət" mərkəzlərinin yaradılması üçün əyalət hökumətləri ilə əməkdaşlıq etməyi tapşırıb.
Baş nazir bildirib ki, "Asan Xidmət" təşəbbüsünün daha geniş məqsədi texnologiyaya əsaslanan ictimai xidmətləri gücləndirməklə yanaşı, rəqəmsal cəmiyyət, iqtisadiyyat və idarəetmə sistemi formalaşdırmaqdır.

Tərəflər, təşəbbüsün daha da gücləndirilməsi və genişləndirilməsi istiqamətində davamlı əlaqəni, koordinasiyanı və əməkdaşlığı təmin etmək üçün Birgə İşçi Qrupunun yaradılması barədə razılığa gəliblər.
Görüşdə məlumat verilib ki, İslamabaddakı "Asan Xidmət" Mərkəzi fəaliyyətə başladığı 2026-cı ilin yanvar ayından noyabr ayına qədər 244 230 müraciətə baxıb və mərkəzdəki xidmətlərə olan ictimai tələbat davamlı olaraq artmaqdadır. İqtisadi məsələlər naziri Əhəd Xan Çima, İnformasiya və yayım naziri Əttauallah Tarar, İnformasiya texnologiyaları və telekommunikasiya naziri Şaza Fatimə Xavaca, Baş nazirin xüsusi köməkçisi Seyid Tariq Fatemi və yüksək vəzifəli hökumət rəsmiləri iclasda iştirak ediblər.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 18:13


























