CPJ ABŞ-ı saxlanılan əfqan jurnalisti azad etməyə çağırır

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) ABŞ immiqrasiya orqanlarını əfqan jurnalist Şaban Əli Rəfatı dərhal azad etməyə və ona sığınacaq verməyə çağırıb. Təşkilat xəbərdarlıq edib ki, onun Əfqanıstana deportasiya edilməsi həyatını təhlükə altına ata bilər.
"Los Angeles Times" qəzetinin məlumatına görə, Rəfat 2025-ci ilin yanvarında ABŞ-a daxil olduqdan bəri ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) təcridxanasında saxlanılır. O, Əfqanıstana deportasiya olunmaq təhlükəsi ilə üz-üzədir; vəkilinin sözlərinə görə, orada onu təqib və işgəncə gözləyir.
CPJ ABŞ hakimiyyətini Rəfatı qeyd-şərtsiz azad etməyə çağıraraq bildirib ki, jurnalist fəaliyyəti və Əfqanıstandakı həzara azlığına mənsubiyyəti səbəbindən, geri qaytarılacağı təqdirdə o, ciddi qisas təhlükəsi ilə üzləşə bilər.
CPJ-nin Amerika regionu üzrə proqram direktoru Xose Zamora bildirib: "Rəfat Əfqanıstandan ona görə qaçıb ki, "Taliban" onun həyatını riskə atmadan jurnalist kimi işləməsini qeyri-mümkün etmişdi". O xəbərdarlıq edib ki, deportasiya Rəfatı yenidən qaçdığı insanların əlinə qaytaracaq.
Noyabrın 6-da ABŞ-ın Kaliforniya Şərq Dairə Məhkəməsinin hakim-magistratı Rəfatın azadlığa buraxılmasını tövsiyə edib. Lakin o, hələ də saxlanılır və dekabrın 8-də immiqrasiya məhkəməsində keçiriləcək iclasa çıxarılması nəzərdə tutulur.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:54


























