Rusiya yoğun bağırsaq xərçəngi peyvəndinin klinik tətbiqinə başlayır

Rusiya Federal Tibbi-Bioloji Agentliyinin rəhbər müavini İqor Boriseviç, "RİA Novosti" xəbər agentliyinin təşkil etdiyi "İnnovativ Təcrübələr" konfransında çıxışı zamanı bildirib ki, Rusiyada yoğun bağırsaq xərçənginin müalicəsi üçün nəzərdə tutulan mRNT (mRNA) peyvəndinin klinik tətbiqinə başlanılıb.
Boriseviç qeyd edib ki, yoğun bağırsaq xərçənginə qarşı hazırlanan "Oncopept" adlı Rusiya peyvəndi, hər bir xəstənin xərçəng hüceyrələrinə xas olan neoantigenlər əsasında istehsal olunur.
O əlavə edib: "Peyvənd hazırlanıb qeydiyyatdan keçirilib və hazırda onun klinik tətbiqinə başlanılır".
Rusiya rəsmisi bildirib ki, peyvəndin klinik sınaqlarında və ya tətbiqində iştirak edəcək könüllü xəstələrin qəbuluna start verilib.
Rusiya bu il yerli istehsal olan xərçəng əleyhinə peyvəndlərlə müalicəni icbari tibbi sığorta sisteminə daxil etmək qərarına gəlib.
Rusiyanın Baş naziri Mixail Mişustin ötən ilin aprel ayında bildirmişdi ki, icbari tibbi sığorta sistemi artıq xərçəngin fərdiləşdirilmiş müalicə üsullarını, xüsusilə də yoğun bağırsaq xərçəngi üçün nəzərdə tutulan "Oncopept" peyvəndini əhatə edir.
Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin elmi rəhbəri, akademik Aleksandr Qintsburq daha əvvəl məlumat vermişdi ki, Rusiya istehsalı olan xərçəng əleyhinə peyvəndi qəbul edən ilk xəstə müalicə kursunu başa vurub və nəticədə metastazlar yoxa çıxıb.
"Oncopept" peyvəndi
"Oncopept" profilaktik deyil, fərdiləşdirilmiş terapevtik peptid peyvəndidir. O, daha əvvəl iki və ya daha çox sistemli xərçəng əleyhinə müalicə kursu almış xəstələrdə yayılmış kolorektal xərçəngin müalicəsi üçün istifadə olunur.
Bu peyvənd "neoantigen peyvəndi" kateqoriyasına aiddir, çünki o, hər bir xəstənin xərçəng hüceyrələrindəki mutasiyalar nəticəsində yaranan unikal antigenlərə əsaslanır.
Peyvənd necə işləyir və immun sistemini necə öyrədir?
Peyvəndin iş mexanizmi cərrahi yolla çıxarılmış və ya biopsiya vasitəsilə götürülmüş şişin genetik materialının təhlilinə əsaslanır. Daha sonra bioinformatika alqoritmi xərçəng hüceyrələrində fərqləndirici marker rolunu oynayan genetik mutasiyaları müəyyən edir.
Bu markerlərə əsasən, hər bir şişə xas olan, zülalların çox qısa fraqmentlərindən ibarət fərdiləşdirilmiş peptidlər hazırlanır. Bu peptidlər xəstənin orqanizminə yeridildikdə, immun sistemini xərçəng hüceyrələrini dəqiq şəkildə tanımağa, onlara hücum edib məhv etməyə öyrədir. Eyni zamanda, sağlam hüceyrələr qorunub saxlanılır ki, bu da əlavə təsirlərin azaldılmasına kömək edə bilər.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:35


























