mobil versiya

Musadik Malik: Terrorizmlə bağlı danışıqların əsasında sübutlar dayanmalıdır






Pakistanın İqlim Dəyişikliyi üzrə Federal Nazir Musadik Malik bəyan edib ki, Pakistan və Hindistan arasında terrorizmlə bağlı hər hansı müzakirə sübutlara əsaslanmalıdır. O, hər iki tərəfin öz sübutlarını təqdim edə və nəzərdən keçirə bilməsi üçün ikitərəfli və ya çoxtərəfli platformalardan istifadə etməyi təklif edib.

Yeni Dehlidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Sivilizasiyalararası Dialoq Forumu" çərçivəsində Hindistan mediasına açıqlama verən Malik bildirib ki, Pakistan terrorizm məsələsində davamlı həll yolu tapılmasını istəyir.

"Müzakirələr nə vaxt baş tutsa, onlar sübutlara əsaslanacaq və bu müzakirələr mütləq olacaq", - deyən Malik əlavə edib ki, Pakistan dəfələrlə sübutların ikitərəfli danışıqlar və ya çoxtərəfli platforma vasitəsilə təqdim olunmasını təklif edib.

Nazir qeyd edib ki, hər iki ölkə öz sübutlarını ortaya qoymalı və məsələləri şəffaf şəkildə müzakirə etməlidir.

O, terrorizmin Pakistan, İran və Əfqanıstan da daxil olmaqla bütün regiona təsir etdiyini vurğulayaraq, Pakistanda minlərlə insanın ekstremizm və terrorizmin qurbanı olduğunu bildirib.

"Ölkəmizdə hər gün insanlar şəhid olur", - deyən Malik əlavə edib ki, Pakistan hazırda öz vətəndaşlarını qorumağa və terror hadisələrinin arxasında duran şəbəkələri aşkar etməyə diqqət yetirir.

"Əgər terrorizm məsələsində kiminsə ciddi marağı (və ya itkisi) varsa, hazırda ən böyük maraq bizə aiddir", - deyən nazir, terrorizmlə mübarizə aparmaq və ona son qoymaq üçün regional əməkdaşlığa çağırıb.

Reportyor.az 





KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:05