Tramp dəyəri kəskin düşən "memkoin"i ilə bağlı tədbirdə investorları qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp bazar günü axşam Vaşinqton yaxınlığındakı şəxsi klubunda özünün "memkoin"i (meme coin) ilə bağlı üçüncü tədbirə ev sahibliyi edəcək. Tədbir, bir vaxtlar hər biri təxminən 75 dollar dəyərində olan, lakin hazırda 1 dollardan da aşağı qiymətə düşən bu tokenlərin ən iri sahibləri üçün nəzərdə tutulub.
İlk "$TRUMP" token tədbiri keçiriləndən və prezidentlə şam yeməyində iştirak etmək istəyən 220 varlı kriptovalyuta sahibi arasında böyük ajiotaj yaradandan cəmi 20 aydan bir az çox vaxt keçməsinə baxmayaraq, Virciniya ştatının Sterlinq şəhərindəki "Trump National" klubunda baş tutacaq növbəti tədbirə maraq azalıb.
Təşkilatçılar şam yeməyində iştirak hüququ qazanan 185 kriptovalyuta cüzdanı olduğunu bildiriblər. Lakin noyabrın 16-da müsabiqə başa çatanda, "$TRUMP" tokeni klubunun veb-saytındakı reytinq cədvəlində cəmi 130 cüzdan qeyd olunmuşdu. Bu cüzdanlarda cəmi 8,6 milyon dollar dəyərində aktiv var idi – bu, 2025-ci ilin mayında keçirilən ilk tədbirdəki 148 milyon dollarlıq göstəricidən xeyli azdır (həmin vaxt 18,5 milyon dollarlıq "zamanla ağırlıqlandırılmış" aktivə sahib olan iştirakçı birinci yeri tutmuşdu).
Müsabiqənin veb-saytına əsasən, sentyabrın 30-dan noyabrın 16-dək davam edən qiymətləndirmə dövründə ən yüksək "zamanla ağırlıqlandırılmış" aktivlərə malik olan ilk 29 qalib prezidentlə VIP qəbulda iştirak edəcək və onlara Trampın simvolikası əks olunmuş hədiyyə paketləri təqdim olunacaq. İlk dörd yeri tutan iştirakçılar isə, əlavə olaraq, Tramp brendli 18 karatlıq qızıl saat qazanacaqlar.
Tramp və ailəsi, onun siyasətə girişi dövründə müxtəlif səhmlər və kriptovalyuta layihələri vasitəsilə öz brendini gəlir mənbəyinə çeviriblər.
"Public Citizen" adlı qeyri-partiya və qeyri-kommersiya istehlakçı hüquqlarını müdafiə qrupunun "Reuters" üçün blokçeyn məlumatları əsasında apardığı təhlilə görə, bazar günü keçiriləcək tədbirlə bağlı reytinq cədvəlində açıqlanan rəqəmsal cüzdanların yarıdan çoxu birbaşa ABŞ istifadəçilərinə xidmət göstərməyən kriptovalyuta birjaları ilə əlaqəlidir. Bu isə həmin cüzdanların xarici vətəndaşlara məxsus olduğunu göstərir. Aralıq seçkilərində böyük qələbə qazanan Demokratlar Partiyasının Nümayəndələr Palatası və Senatdakı liderləri, Trampın prezidentliyi dövründə onun ailəsinin biznes fəaliyyətləri ilə bağlı yaranan və "misli görünməmiş" kimi xarakterizə edilən maraq toqquşmalarını araşdıracaqlarını bəyan ediblər. Onlar həmçinin, bu cür fəaliyyətləri qadağan edəcək qanunvericiliyin qəbul edilməsinə çalışacaqlarını bildirirlər.
"Trump Meme Coin" layihəsi və Ağ Ev şərh vermək barədə sorğulara cavab verməyib. Bununla belə, Tramp administrasiyası uzun müddətdir ki, prezidentin biznes maraqlarının tam şəffaf və qanuni olduğunu iddia edir.
Ağ Evin sözçüsü Anna Kelli bu ilin əvvəlində "Reuters" agentliyinə verdiyi açıqlamada bildirib: "Nə prezident, nə də onun ailəsi heç vaxt maraq toqquşmasına yol verməyib və gələcəkdə də verməyəcək. Prezident Tramp imzaladığı sərəncamlarla Birləşmiş Ştatları qürurla dünyanın kriptovalyuta mərkəzinə çevirib".
Tramp ailəsinin kriptovalyuta ilə əlaqəli digər aktivlərinin və layihələrinin də dəyəri kəskin şəkildə düşərək rekord minimuma enib. "Reuters"in təhlilinə əsasən, onların əsas kriptovalyuta və kriptovalyuta ilə bağlı beş layihəsinə sərmayə qoyan kənar investorlar ümumilikdə 5 milyard dollardan çox vəsait itiriblər.
Prezidentin iyun ayında təqdim etdiyi maliyyə hesabatına görə, "Trump meme coin"i Tramp ailəsinə azı 635 milyon dollar qazandırıb. Ümumilikdə, aprel ayına qədər Tramp ailəsi dörd əsas kriptovalyuta layihəsindən (o cümlədən "meme coin"dən) azı 2,3 milyard dollar əldə edib.
Prezidentin kriptovalyuta ilə əlaqəli beşinci layihə olan "Trump Media & Technology Group"dakı payının dəyəri isə təxminən 430 milyon dollar təşkil edir.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 08:37


























