mobil versiya

Ümumdünya Uşaq Günü Minab məktəbi və Lamerd idman kompleksindəki uşaqların analarının acı xatirələrini yada salır






20 noyabr Ümumdünya Uşaq Günü kimi hər il müxtəlif ölkələrdə, xüsusilə də məktəblərdə uşaq hüquqlarının müdafiəsi məqsədilə qeyd olunur.

Ümumdünya Uşaq Günü ilə bağlı İran İslam Respublikasının ölkəmizdəki səfirliyi məqalə paylaşıb.

Məqalədə deyilir:

Bu gündə ailələr və bütün dünya ictimaiyyəti uşaqlara hədiyyələr vermək də daxil olmaqla sevindirici addımlarla onların üzündə təbəssüm yaratmağa, onlara şənlik bəxş etməyə və gözəl gələcək vəd etməyə çalışır.

Bununla belə, qarşımızda belə bir əsas sual dayanır: dünyanın bir guşəsində Uşaq Günü ən gözəl şəkildə qeyd edildiyi halda, digər bir guşəsində cəlladlar müxtəlif kütləvi qırğın silahlarından istifadə edərək çoxsaylı uşaqları qana qəltan edirlərsə, bir insan kimi bizim vəzifəmiz nədir? Bu günü hansı hisslərlə qarşılamalıyıq?
Uşaqlıq insan ömrünün ən təmiz, ən məsum və ən şirin çağıdır; ata-ana, bacı-qardaş nəfəsi, məktəb zəngi, müəllim səsi, kitab vərəqləri, dostlarla oyunlar və saf arzularla yoğrulur. Ümumdünya Uşaq Günü o deməkdir ki, heç bir uşaq məktəbinə bomba və raket düşməsi qorxusu ilə dərsə getməkdən çəkinməməli, təşviş və narahatlıq yaşamamalıdır.
Təəssüf ki, 28 fevral 2026-cı ildə ABŞ-ın raket zərbəsi nəticəsində İranın cənubundakı Minab şəhərində yerləşən "Şəcərəyi-Təyyibə" ibtidai məktəbində baş verən və 168 günahsız iranlı şagird və müəllimin şəhid olması ilə nəticələnən faciə, eləcə də İranın Lamerd şəhərindəki idman kompleksinin və ətraf yaşayış məntəqələrinin bombalanması nəticəsində uşaqlar da daxil olmaqla xeyli mülki şəxsin həyatını itirməsi və yaralanması, həmçinin sionist rejimin hərbçilərinin ötən illərdən bu günə qədər törətdiyi qeyri-insani əməllər ucbatından Qəzzadakı fələstinli uşaqların üzləşdiyi müsibətlər — o cümlədən bu gün onların su basmış, qorunmasız çadırlarda həyatının təhlükə altında qalması — uşaqların ən fundamental hüququna, yəni onlar üçün təhlükəsiz və dinc mühitin yaradılmasına ABŞ ordusunun hərbçiləri və sionist rejim kimi cinayətkarların yanında heç bir məna və dəyər verilmədiyini göstərir.
Gəlin bir anlıq göz önünə gətirək: idman zalında məşq edən qız; yarışa hazırlaşan oğlan və ya günün sonunda evə dönməyi gözləyən məktəbli — hər birinin öz arzuları, daxili aləmi və gələcək planları var idi; kimisi müəllim, kimisi həkim, kimisi də idmançı olmaq istəyirdi. Lakin təəssüf ki, bütün bu arzular cəmi bir neçə saniyə ərzində birdəfəlik puç oldu.
Belə olan halda, 20 noyabr bu uşaqların ailələri üçün nə deməkdir? Onlar digər valideynlər kimi övladlarına hədiyyə ala, onları qucaqlaya və onlarla xatirə şəkli çəkdirə bilərlərmi? Övladının çantasını, dəftərini və məktəb formasını xatirə kimi sinəsinə basan bir ana üçün bu gün necə bayram ola bilər? Yolunu həsrətlə gözləyən, lakin onun bir daha heç vaxt evin qapısından girməyəcəyini bilən bir ata necə bayramdan danışa bilər?
Unutmamalıyıq ki, uşaq hüquqları dövlət sərhədləri ilə məhdudlaşmır. Uşağın iranlı, azərbaycanlı, fələstinli və ya başqa bir xalqın nümayəndəsi olmasının heç bir fərqi yoxdur; yaşamaq, təhsil almaq, oynamaq, qidalanmaq və təhlükəsiz mühitdə böyümək hüququ bütün dünyada hər bir uşaq üçün eyni dərəcədə qorunmalıdır.
Beynəlxalq hüquq, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası uşaqların həyatının, təhsilinin və təhlükəsizliyinin qorunmasını dövlətlərin başlıca öhdəliklərindən biri kimi müəyyən edir. Bu konvensiyada məktəblər və idman mərkəzləri uşaqların gələcəyinin formalaşdığı məkanlar kimi göstərilir. Odur ki, bu məkanlara hücum etməyə heç bir siyasi və ya hərbi mülahizə ilə bəraət qazandırmaq mümkün deyil.
Ona görə də gəlin Ümumdünya Uşaq Günündə dünyada uşaqların təhlükəsizliyinə cavabdeh olanlara beynəlxalq öhdəliklərini xatırladaq və uşaqlarımıza ən böyük hədiyyə kimi sülh, təhlükəsizlik və yaşamaq hüququnu bəxş edək.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:34