mobil versiya

Şorba bizdə niyə istilik və rahatlıq hissi yaradır?






Şorba, xüsusilə payız və qış aylarında istilik və rahatlıqla ən çox əlaqələndirilən yeməklərdən biridir. Onun təsiri yalnız bədəni isitməklə məhdudlaşmır; o, həmçinin uşaqlıq xatirələri, ev mühiti və qayğı ilə əhatə olunmaq hissi ilə də bağlıdır.

"The Guardian" qəzetinin məlumatına görə, "Sağlam həyat tərzinizi tapın" ("Find Your Healthy Lifestyle") kitabının müəllifi, qidalanma mütəxəssisi Sofi Qastman izah edir ki, şorbanın bəxş etdiyi rahatlıq hissi istilik, qoxu və tekstura kimi duyusal amillərlə, eləcə də müəyyən şorba növlərinin ev və uşaqlıq xatirələri ilə assosiasiya olunması ilə əlaqəlidir.

Şorbanın faydaları yalnız psixoloji tərəflərlə məhdudlaşmır. Birmingem Şəhər Universitetinin qidalanma və fiziologiya üzrə professoru Luis Qofun sözlərinə görə, şorba tərəvəzləri, zülalları, lifləri və tam taxılları bir yeməkdə birləşdirən olduqca praktiki seçimdir.

Qidalanma mütəxəssisi Hanna Kartrayt qeyd edir ki, şorbanın tərkibindəki müxtəlif inqrediyentlər, rasiona tərəvəzlər, paxlalı bitkilər və zülal mənbələri əlavə etməyi asanlaşdırır.

Tərəvəzlə zəngin şorbalar vitamin, mineral və liflə təmin edir; mərcimək, lobya və noxud isə əlavə bitki mənşəli zülal və lif mənbəyi rolunu oynayır.

Şorbanı daha tam və doyurucu bir yeməyə çevirmək üçün ona toyuq, yumurta, pendir və ya tam taxıllar kimi zülal və karbohidrat mənbələri əlavə etmək, yaxud onu təbii mayalı çörəklə birlikdə süfrəyə vermək məqsədəuyğundur. Həmçinin, qida dəyərini artırmaq üçün şorbaya noxud, lobya və ya arpa da əlavə etmək olar.

Digər variantlara faydalı yağlar əldə etmək və qida maddələrinin çeşidini artırmaq məqsədilə avokado, müxtəlif toxumlar və ya bir az zeytun yağı əlavə etmək daxildir.

Hazırlanmasının asanlığı və tərkibindəki inqrediyentlərin müxtəlifliyi sayəsində şorba, xüsusilə soyuq günlərdə həm qida dəyərini, həm də rahatlıq hissini özündə birləşdirən isti bir yemək üçün əla seçimdir.

Reportyor.az 



SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 12:11