mobil versiya

BƏƏ-də PTI ilə əlaqəli iki Pakistan vətəndaşı "dövlət təhlükəsizliyi" ilə bağlı işlər çərçivəsində saxlanılıb






Pakistan Xarici İşlər Nazirliyi (XİN) Lahor Ali Məhkəməsinə (LAM) bildirib ki, PTI (Pakistan Ədalət Hərəkatı) ilə əlaqəli olan və Əbu-Dabidəki "Əl-Vətbə" həbsxanasında saxlanılan iki Pakistan vətəndaşı "dövlət təhlükəsizliyi"nə aid işlərlə əlaqədar həbsdədirlər.

Bu barədə yerli Dawn məlumat verib. 

Nazirlik qeyd edib ki, diplomatik normalara riayət etməli olan Pakistanın diplomatik missiyası ev sahibi ölkənin daxili işlərinə müdaxilə edə bilməz.

Məhkəməyə hörmətsizliklə bağlı iki şikayət ərizəsinə cavab olaraq təqdim edilən ayrı-ayrı hesabatlarda XİN bildirib ki, saxlanılan şəxslərdən biri – Seyid Salman Rza Zaidi "dövlət təhlükəsizliyi" işi üzrə məhkum edilib. Digər şəxs, Məhəmməd Cüneyd Cahangir isə oxşar xarakterli bir işlə əlaqədar saxlanılıb.

Hesabatda Cahangirin məhkum edilib-edilmədiyi, yoxsa hələ də məhkəmə prosesini gözlədiyi barədə dəqiq məlumat verilməyib.

Hakim Tariq Mahmud Bacva çərşənbə günü XİN-in cavablarını nəzərə alaraq, məhkəməyə hörmətsizliklə bağlı şikayətlərə xitam verib.

Hər iki vətəndaşın ailələrini təmsil edən vəkil Abuzar Salman Niyazi bildirib ki, BƏƏ-də saxlanılan bu iki Pakistan vətəndaşı ilə bağlı ailələrinə nə ittiham aktı, nə ittihamların təfərrüatları, nə məhkəmə sənədlərinin surətləri, nə də həbsin hüquqi əsaslarına dair hər hansı məlumat verilib. Yeganə izahat bunun "dövlət təhlükəsizliyi" işi olması ilə bağlı olub.

Vəkil ailələrin adından məhkəməyə yeni şikayət ərizələri təqdim edəcəyini açıqlayıb.


Reportyor.az 

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:09