Hindistan Cənub-Şərqi Asiyanın 11 ölkəsinin vətəndaşları üçün pulsuz elektron turist vizaları təklif edir

Hindistanın Baş naziri Narendra Modi turizmi təşviq etmək və regional əlaqələri gücləndirmək məqsədilə Cənub-Şərqi Asiyanın 11 ölkəsinin vətəndaşlarına pulsuz elektron turist vizalarının verilməsini təklif edib.
Hindistanın "Business Standard" nəşrinin məlumatına görə, çərşənbə axşamı Filippinin paytaxtı Manilada keçirilən 23-cü Hindistan-ASEAN Sammitində irəli sürülən bu təklifin Hindistana səyahətləri asanlaşdıracağı, turist axınını artıracağı, həmçinin Hindistan və Cənub-Şərqi Asiya xalqları arasında əlaqələri möhkəmləndirəcəyi gözlənilir.
"Economic Times" qəzetinin xəbərinə əsasən, Hindistan Baş nazirinin Aparatı bildirib ki, təklif olunan viza sxemi Modinin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə tərəfdaşlığı dərinləşdirmək üçün irəli sürdüyü bir sıra təşəbbüslərdən biridir. ASEAN-a Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand, Şərqi Timor və Vyetnam daxildir.
Bununla belə, Hindistan hökuməti hələlik bu sxemin nə vaxt qüvvəyə minəcəyini açıqlamayıb və onunla bağlı şərtlər barədə ətraflı məlumat verməyib.
Hindistanın rəsmi elektron viza (e-Visa) rüsumu viza növündən və vətəndaşlıqdan asılı olaraq dəyişir; belə ki, 30 günlük turist elektron vizalarının qiyməti 10 ilə 25 dollar arasında dəyişir.
2025-ci ildə Hindistana ASEAN ölkələrindən 800 mindən çox qonaq gəlib.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:08


























