ABŞ Suriyada itkin düşən humanitar yardım işçisi haqqında məlumat verənə 5 milyon dollara qədər mükafat təklif edir

ABŞ Dövlət Departamentinin "Ədalət naminə mükafat" (Rewards for Justice) proqramına əsasən, ABŞ 2016-cı ildə Suriyada itkin düşən amerikalı humanitar yardım işçisi Leyla Şveykaninin oğurlanması və qanunsuz saxlanılması ilə bağlı məlumat verən şəxsə 5 milyon dollara qədər mükafat təklif edir.
ABŞ-da anadan olmuş Şveykani, keçmiş prezident Bəşər Əsəd rejiminə qarşı vuruşan müxalif qrupların nəzarətində olan Şərqi Qutada mülki şəxslərə humanitar yardım göstərmək məqsədilə 2015-ci ildə Suriyaya getmişdi.
"Ədalət naminə mükafat" proqramının veb-saytına görə, o, 2016-cı ilin fevralında Suriya hökumət qüvvələri tərəfindən saxlanılıb və 10 ay müddətində həbsdə saxlanılıb. Bu müddət ərzində o, işgəncələrə məruz qalıb, daha sonra isə hərbi məhkəməyə təhvil verilib.
Məlumatlara görə, Şveykani 2016-cı il dekabrın 28-də bədnam Saydnaya Hərbi Həbsxanasında edam edilib.
Dövlət Departamenti bildirib ki, Əsəd qüvvələri müxalifətin nəzarətində olan ərazilərə yenidən nəzarəti bərpa etməyə çalışarkən, Suriya Hərbi Hava Qüvvələri Kəşfiyyatı (SAFI) tərəfindən idarə olunan həbsxana şəbəkəsində çoxlu sayda mülki şəxs saxlanılıb, zorla yoxa çıxarılıb və ya öldürülüb.
Əsəd rejiminin iki keçmiş rəsmisi – SAFI-nin keçmiş direktoru Cəmil Həsən və həbsxana rəisi briqada generalı Əbdül Salam Fəcr Mahmud hələ də azadlıqdadırlar. Güman edilir ki, onlar Şveykaninin taleyi və həbsxana sistemindəki digər qurbanlar barədə mühüm məlumatlara sahibdirlər.
"Ədalət naminə mükafat" proqramı, Şveykaninin saxlanılması və itkin düşməsi ilə bağlı halları üzə çıxarmaq səyləri çərçivəsində onun işi ilə bağlı məlumatlar axtarır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:48


























