mobil versiya

Ceyhun Bayramov Almaniyanın XİN başçısını qəbul edib



Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Almaniyanın Federal Xarici İşlər Naziri İohann David Vadeful geniş tərkibdə görüş keçiriblər.

Görüşlər zamanı nazirlər Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, həmçinin əsas regional və beynəlxalq proseslər ətrafında ətraflı müzakirələr aparıblar.

Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 2027-ci ildə qeyd olunacaq 35-ci ildönümü ərəfəsində nazirlər qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bir daha vurğulayıblar.
Azərbaycan Prezidentinin 2026-cı ilin iyulunda Almaniyaya rəsmi səfəri zamanı qəbul edilmiş "İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəlik" münasibətlərimizin irəliyə aparılması üçün mühüm çərçivə təşkil edir.

Nazirlər iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi önəm verildiyini qeyd ediblər. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 1,4 milyard ABŞ dollarına çatması və 2026-cı ilin yanvarından etibarən Azərbaycandan Almaniyaya qaz ixracının başlaması fonunda ticarət, investisiya, enerji, sənaye, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Onlar qeyd ediblər ki, 2026-cı ilin iyulunda Azərbaycan-Almaniya İşgüzar Şurasının yaradılması hər iki ölkənin işgüzar dairələrinin cəlb edilməsi üçün yeni platforma təqdim edir.

Nazir Ceyhun Bayramov Almaniya şirkətləri üçün "Orta Dəhliz"in inkişafı, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində bərpa və quruculuq layihələrində iştirak imkanlarını diqqətə çatdırıb.


Nazirlər regional proseslər, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazir Ceyhun Bayramov həmkarına azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin geri qayıtması və minaların yaratdığı davamlı təhlükələr barədə məlumat verib.

Nazirlər təhsil, mədəniyyət və elm sahələri vasitəsilə xalqlararası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 11:20