Səudiyyə Ərəbistanı, 28 577-si xaricdən olmaqla, təxminən 70 000 arxeoloji artefaktı geri qaytarıb

Səudiyyə Ərəbistanı İrs Komissiyasının məlumatına görə, 2026-cı ilə qədər Səudiyyə Ərəbistanı Krallığın daxilindən və xaricdən təxminən 70 000 arxeoloji artefakt əldə edib; bunlardan 28 577-si xaricdən geri qaytarılanlardır.
Bu barədə yerli media xəbər paylaşıb.
Komissiya bildirib ki, 41 000-dən çox artefakt Krallığın öz ərazisində aşkar edilib, xaricdən gətirilənlər isə ümumi sayın 40 faizindən çoxunu təşkil edir.
Geri qaytarılan əhəmiyyətli əşyalar arasında, 2019-cu ildə Amerika ailələri tərəfindən Səudiyyə Ərəbistanına təhvil verilən 1 127 arxeoloji artefakt xüsusi yer tutur. Bu əşyalar, 1960-cı illərdə Krallıqda işləmiş şəxslərin qohumlarında saxlanılırdı.

Başqa bir hadisədə isə, Təbuk bölgəsinə aid, üzərində qədim ərəb yazıları olan daş lövhə Fransadan geri qaytarılıb. Bu əşya təxminən 40 il ərzində bir Fransa vətəndaşının əlində olub. Onun geri qaytarılması prosesi Səudiyyə rəsmiləri və UNESCO ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Krallıq daxilində artefaktların əldə edilməsi həm vətəndaşların könüllü təhvil verməsi, həm də qanunsuz olaraq satışa çıxarılan əşyaların müsadirə edilməsi yolu ilə baş tutub.
Hail şəhərində bir vətəndaş İslam dövrünə aid, üzərində bitki naxışları və Quran ayələri həkk olunmuş bürünc qabı təhvil verib.
Bişə şəhərində isə başqa bir vətəndaş altı arxeoloji artefaktı geri qaytarıb. Bunların arasında İslamdan əvvəlki dövrə aid olanlar, eləcə də üzərində "əl-Fələq" surəsindən ayələr həkk olunmuş bir daş da var.
Bundan əlavə, 2025-ci ildə Əl-Əhsa bölgəsində İrs Komissiyası sosial şəbəkələr vasitəsilə qanunsuz olaraq satışa çıxarılan, İslam dövrünün erkən mərhələsinə aid nadir bir artefaktı müsadirə edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:46


























